Bülənt Korkmaz “Neftçi”ni təriflədi
11.01.2011 - 16:32
Bülənt Korkmaz “Neftçi”ni təriflədi
“Neftçi”nin çıxışlarını televiziya vasitəsi ilə izləyirəm. Komanda bütün planlarda xoş təsir bağışlayır. Lider olmağı sübut edir ki, bu klubda işlər düzgün qurulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz deyib.

Ötən mövsümün ortalarında “Bakı” klubunu çalışdırmış 42 yaşlı mütəxəssis bildirib ki, “Neftçi”də gözəl kollektiv formalaşıb: “Mən Azərbaycanda çalışdığım müddətdə “Neftçi”nin orada ən çox sevilən komanda olduğunu gördüm. Keçən mövsümlə müqayisədə bu il “Neftçi”nin demək olar ki, bütünlüklə yenilənməsi müsbət effekt verib. Klub rəhbərliyinin və məşqçilər korpusunun işini xüsusi vurğulamaq lazımdır. Komandanın heyətinin 50 faizdən çoxunun dəyişdirilməsi böyük bir riskdir. Ancaq görünür ki, yeni “Neftçi” buna hazır imiş. İndi “ağ-qaralarda” gözəl kollektiv qurulub. Komanda bütün komponentlərdə güclü təsir bağışlayır”.

“Ağ-qaralar”ın transferləri də Korkmazın diqqətindən yayınmayıb: “Emil Mpenza səviyyəsində futbolçunun transfer edilməsi klub rəhbərliyinin çempionluğu necə istədiyini nümayiş etdirir. Bu addımı ancaq alqışlamaq lazımdır. İnanıram ki, “Neftçi” kimi zəngin tarixə malik olan komanda avrokuboklarda öz sözünü deyəcək".

Qeyd edək ki, “Neftçi” dünəndən Antalya şəhərində təlim-məşq toplanışına başlayıb.

Mənbə: neftchifc.com