“Belə olsaydı, futbolçuları cərimələyərdik” - MÜSAHİBƏ
12.01.2011 - 00:01
“Belə olsaydı, futbolçuları cərimələyərdik” - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytının Türkiyəyə ezam olunmuş müxbirinə müsahibəsi

- Qış fasiləsində 2 həftəlik istirahətdən sonra məşqlərə başlamısınız. Adətən fasilədən sonra hazırlığa başlayarkən, əsas problemlər futbolçuların artıq çəkisi ilə bağlıdır. Bütün bunlarla bağlı fikirlərini öyrənmək istərdik...
- Artıq çəki məsələsini düz qeyd etdiniz. Hər futbolçunun öz oyun çəkisi var və bunu hər matçdan qabaq çəkiləri nəzarətdə saxlayırıq. “Turan”la oyundan öncə futbolçulara tapşırmışdıq ki, istirahət müddətində çəkinizi maksimum 2 kq artıra bilərsiniz, bundan kənara çıxmamalısınız. Əgər çıxacaqdılarsa, cərimə olunacaqdılar. Çəkiləri nəzarətdən keçirdik və hər şey qaydasındadır. Onu deyim ki, futbolçuların çəkiləri heç 2 kq artmayıb. Bəzilərində 1, bəzilərində 1,5-dir. Bu göstəricilər bizi razı salır.

- Belə çıxır ki, cərimə məsələsi effekt verir? Ümumiyyətlə, bu şəxsən sizin təşəbbüsünüzdür?
- Bu da futbolçularım məsuliyyətli olmasına hesablanmış addımdır. İstirahət müddətində futbolçularımızın istədiyi kimi yeyib-içib, çəkilərini artırması söhbəti ola bilməzdi. Onlar 14 günlük fasilənin ilk həftəsində heç nə etmirdilər. Ancaq ikinci həftəyə proqram vermişdik ki, yüngül qaçışlarla formalarını bərpa etsinlər.

- Yəni, gördüklərinizdən razısınız...
- Bəli. Futbolçulara baxaraq, hazırlıq durumlarının yaxşı olduğunu görürük. Artıq bu gündən gündə 2 dəfə məşqlərə başlayırıq. Səhərlər daha çox fiziki hazırlığa, axşamlar isə sırf texniki, taktiki, toplu çalışmalar olacaq.

- Yeni köməkçiniz türkiyəli Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi olduğundan, hazırlıqda fəal iştirak edir. Onun işi haqda nə deyə bilərsiniz?
- Mən onunla hələ Türkiyədə yeni ilin günlərində səfərim zamanı görüşməli idim. Həmin vaxt səfərimin səbəblərindən biri də bu idi.

- Necə deyərlər, həm ziyarət, həm ticarət...
- Elədir. Çünki o vaxt Akın iş prinsiplərini bilmirdim. Onunla tanış olduqdan sonra razılaşdıq ki, bura gələndən sonra bizə qoşulacaq. Demək olar ki, Ak fiziki hazırlıq üzrə məşqçimizdir.

- Bu məsələ dəqiqləşibmi? Çünki bu məsələyə baxılacağı ilə bağlı rəsmi açıqlama verilib...
- Akın proqramını görmüşdüm və məni qane edirdi. O, iki məşqimizdə iştirak edib və görürəm ki, öz işini bilən, peşəkardır. Mehmet bəy bizim kimi gənc çalışdırıcıdır və işləmək istəyir. O, bu hazırlıq mərhələsindən komandamızın üzvüdür.

- Əsas heyətinizin üzvləri olan iki braziliyalı sol cinah oyunçu – müdafiəçi Alessandro Vyana da Silva ilə yarımmüdafiəçi Flavinyo zədə üzündən hazırlıqdan kənarda qalıb...
- Bildiyiniz kimi, son 3-4 turda da biz onlarsız oynadıq. Bizdə həmin mövqelərə Araz Abdullayev, Tərlan Quliyev, Ruslan Əmircanov var. Onları artıq həmin mövqelərdə oynadırıq. Bizdə Ruslan Abışov da solda oynaya bilər. Məcburiyyətdən əlimizdə olan “materiallar”dan istifadə edəcəyik.

- Hazırda “Neftçi”də sol cinahla bağlı ciddi problem görmürsünüz?
- Əlbəttə, hər futbolçunun öz yeri var. Ancaq onları layiqli əvəz edə bilən futbolçularımız var. Mənə elə gəlir ki, çempionatın bərpasında həmin problemi həll edəcəyik.

- Transferə çıxardığımızın Ruslan Əmircanovu sonradan komandada saxlamağınız Alessandronun zədəli olması ilə əlaqələndirmək olar?
- Biz Ruslanı komandadan çıxartmamışdıq. Onu transferə çıxarmağımız o baxımdan idi ki, millinin futbolçusu olan Ruslan oynamaq istəyirdi. Bununla bağlı söhbətdən sonra ona imkan yaratdıq ki, hansısa komanda onu daim oynatmaq üçün almaq istəsə, gedə bilər. Ancaq bu, alınmayandan sonra Ruslan bizim futbolçu olduğundan qaldı. Onu yenə əsas heyətə buraxacağıq. Əmircanovun heyətə düşməsi özünü necə göstərməsindən asılı olacaq. Bu, hazırlıq dönəmi elədir ki, hər futbolçunu oynatmaqla bağlı risk edə bilərik. Bu, gənc futbolçu da ola bilər, başqası da. Kim daha güclüdürsə, çempionatda əsas heyətdə oynayacaq.

- Çempionatımızın da bombardiri olan özbək hücumçunuz Bahodir Nasimovun ilk hazırlıq buraxması təsir edəcəkmi?
- Bu qərarımda ən əsası Bahodirin dincəlməsidir. Çünki futbolçularımız fasiləyə buraxılanda o, Dubayda yığmasının düşərgəsində idi, uzun müddətdir evdən, ailəsindən kənarda qalıb. Nasimov yalnız yanvarın 5-də vətəninə dönmüşdü və ona görə də ona həmin vaxtdan istirahət verdik. Evində, ailəsinin yanında olmasına imkan yaratdıq. Bunlar futbolçu üçün ilk növbədə psixoloji baxımdan önəmlidir. Ancaq bu proqramı Bahodirə də vermişik və o da fərdi planda çalışır. Nasimov artıq yanvarın 20-də Bakıda olacaq və Türkiyədəki ikinci hazırlığımıza qatılacaq.

- Siz əsas Braziliyanın yüksək liqasına diqqət yetirirsiniz. Oradan bir sıra futbolçuların gəlişindən sonra işiniz nisbətən asanlaşıbmı?
- Səviyyəli futbolçunu gətirmək həmişə çətindir. Əlbəttə, buradakı braziliyalıların də köməyi var. Onlar hara gəldiklərini, uyğunlaşmaqda asan olacaqlarını, biz tərəfdən yaxşı qəbul olunacaqlarını bilirlər. Bütün bunlar tutduğumuz yolu davam etdirməyə əsas verir.

- Əvəzedici heyətinizdən 2 futbolçu cəlb etmisiniz...
- Bəli, bunlar qapıçı Əyyub Əliyevlə sol cinah müdafiəçisi Elton Yabubludur. Hər ikisi yeniyetmə futbolçulardır. Onları əvəzedici komandamızın baş məşqçisi İqor Getman bizə məsləhət bilmişdi. Seleksiyaçı məşqçimiz Bəxtiyar Musayev də əvəzedicilərin oyunlarını izləyərək, onları görüb. Paulius Qribauskasın zədələnməsindən sonra 2 qapıçımız var. Əliyevi da heyətə qatdıq ki, həm stimul olsun, həm də təcrübəli futbolçularla birgə olmaqla artıq əsas komandaya alışsınlar. Bilsinlər ki, əsas komanda nə deməkdir. Əvəzedici heyətə qayıdanda stimulları olsun və orada futbolçulara desinlər ki, bəli, biz bura düşməliyik. Əsas komandanın da futbolçuları bilməlidirlər ki, arxadan gələn gənclər futbolçular var. Əsas heyətdə yerləri təmin olunmayıb, hər zaman hazırlıqları diqqət yetirib, rəqabətə hazır olmalıdırlar.

- Komanda yaratmaq asan deyil, vaxt lazımdır. Çempionluq uğrunda əsas rəqibiniz olan “Xəzər-Lənkəran” köklü islahatlar apararaq çox futbolçularla yollarını ayırdı, xeyli futbolçular gətirib...
- Bu, hər məşqçinin öz işidir. Biz də başlayanda köklü dəyişiklik etdik. Dedilər ki, bu, riskdir, təzə komandadır. Ancaq hər işdə bir fayda var. Biz də buna uyğun olaraq nə etdiyimiz bilirdik. Yəqin ki, “Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednikin də bununla bağlı öz fikirləri var. İndidən heç kim deyə bilməz ki, bu, yaxşı olacaq, yoxsa pis. Hər şey işin gedişində bilinəcək.

Mehman SÜLEYMANOV