Samir Zərgərov: Bizə qarşı haqsızlıq etdilər
12.01.2011 - 00:05
Samir Zərgərov: Bizə qarşı haqsızlıq etdilər
“Birinci mövsüm üçün çıxışımızı normal saymaq olar. Komanda çempionata istədiyi kimi hazırlaşa bilməmişdi. Bir neçə oyunçumuz mövsümün startı ərəfəsində heyətə qoşuldu. Təbii ki, bunlar da oyunlar zamanı özünü göstərməyə bilməzdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun hücumçusu Samir Zərgərov deyib.

Cari çempionatda “Gəncə”nin formasını geyinən və yaxşı tərəfdən özünü göstərməyi bacaran Zərgərov hətta sentyabr ayının ən yaxşı futbolçusu seçildi. Eyni zamanda vurduğu qollarla millinin baş məşqçisi Berti Foqtsun da diqqətini cəlb edən Zərgərov arxayınlaşmaq üçün əsas görmür: “Ayın ən yaxşısı seçildikdən sonra arxayınlaşmamışam. Əksinə, bu mükafatı yenidən qazanmaq istəyirəm. Sadəcə, son oyunlarda komandada eniş yaşandı ki, çıxışıma bunun da təsiri oldu”.

Azarkeşlər haqda da danışan forvard onların komandanı dəstəklədiyini bildirsə də, narazı qaldığı məqamlar da yox deyil: “Elə məqamlar oldu ki, bizə qarşı haqsızlıq etdilər. Onlar hazırkı çıxışımızdan hələ də narazıdırlar. Daha başa düşmürlər ki, bu çempionatda ilk mövsümümüzdür. Onlar çox söyüş söyürlər. Bu analoqu olmayan bir haldır”.