Kimdir obyektiv: jurnalistlər, yoxsa məşqçilərlə kapitanlar?
12.01.2011 - 11:00
Kimdir obyektiv: jurnalistlər, yoxsa məşqçilərlə kapitanlar?
Fransanın məşhur “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” və FİFA-nın ilin futbolçusuna təqdim etdiyi “Brilyant top” mükafatlarının birləşdirilməsi Uesli Sneyderə düşməyib. Apasport.az saytının məlumatına görə, hollandiyalı futbolçu mükafatın yeni versiyasından ən çox ziyan çəkən olub.

Məsələ ondadır ki, indiki “Qızıl top”dan fərqli olaraq “France Football”ın mükafatını istisnasız jurnalistlər seçirdi. “Brilyant top”un qalibini isə milli komandaların baş məşqçiləri və kapitanları arasında səsvermə müəyyənləşdirirdi. Lakin 2010-cu ilin ən yaxşısını seçmək üçün onların hamısının səsləri ümumiləşdirildi. Elə bu da Uesli üçün uğursuzluqla nəticələndi.

Ümumi nəticədə Lionel Messi (Argentina, “Barselona”) I, Andres İnyesta (İspaniya, “Barselona”) II, Xavi Ernandes (İspaniya, “Barselona”) III olub. Hərçənd hər şey jurnalistlərin öhdəsinə buraxılsaydı İtaliyanın “İnter” klubunda çıxış edən Sneyder I, İnyesta II, Xavi isə III olardı. Lionel isə yalnız IV yerlə kifayətlənərdi. Lakin baş məşqçi və kapitanlar – yəni köhnə “Brilyant top”un respondentləri Messini irəli çıxarıb. Bu məlum birləşmə olmasaydı “Qızıl top” hollandiyalıya, “Brilyant top” argentinalıya çatacaqdı.
Bir sözlə jurnalistlərlə yığma təmsilçilərinin (baş məşqçilərlə kapitanlar) fikirləri ciddi şəkildə haçalanıb. Dünyanın II və III oyunçusu ilə bağlı həmfikir olan bu 2 tərəf ən yaxşı məsələsində ortaq məxrəcə gəlməyiblər. Görəsən kimdir obyektiv: jurnalistlər yoxsa milli nümayəndələri?

Sneyder və Messinin 2010-cu ildə beynəlxalq arenadakı nəticələri

Messi: Dünya çempionatının ¼ finalçısı, UEFA Çempionlar Liqasının yarımfinalçısı

Sneyder: Dünya çempionatının finalçısı, Klublararası dünya çempionatının qalibi, UEFA Çempionlar Liqasının qalibi, UEFA Superkubokunun finalçısı