Nazim Süleymanov üçün yeni köməkçi
13.01.2011 - 11:19
Nazim Süleymanov üçün yeni köməkçi
Bakının AZAL futbol klubuna yeni məşqçi təyin olunub. Klubun prezidenti Vaqif Qasımovun Lent.az-a verdiyi məlumata görə, bu, Gəray Qarayevdir.

Qarayev komandada fiziki hazırlıq üzrə məşqçi funksiyalarını yerinə yetirəcək. O, yeni vəzifəsinin icrasına fevralın 1-dən başlayacaq: “Gəray müəllim yanvarın 17-dən hakimlərlə birgə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacaq. Antalyadan qayıtdıqdan sonra AZAL-ın məşqçisi kimi rəsmən işə başlayacaq. Müqavilə müddətini də həmin vaxt müəyyənləşdirəcəyik”.

Gəray Qarayev “Bakı” klubuna yollanan Novruz Əzimovu əvəzləyəcək. Qasımov bildirib ki, Əzimov paytaxtın eyniadlı komandasından daha sərfəli təklif alıb: “Biz də ona mane olmadıq və yeni komandasında uğurlar arzuladıq”.

AZAL-ın prezidenti komandaya daha bir məşqçi cəlb etmək fikrində olduqlarını da açıqlayıb. Həmin şəxs də yerli mütəxəssis olacaq.

Qeyd edək ki, qış fasiləsinə 3-cü pillədə yollanan AZAL-ın baş məşqçisi Nazim Süleymanovdur.