“Fəxr edirəm ki, onun kimi peşəkar futbolçu ilə bir komandada oynayıram” - MÜSAHİBƏ
13.01.2011 - 14:13
“Fəxr edirəm ki, onun kimi peşəkar futbolçu ilə bir komandada oynayıram” - MÜSAHİBƏ
Antalyada hazırlığını davam etdirən Bakının “Neftçi” komandasının kapitanı Rail Məlikov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi hazırlıqlarının yüksək səviyyədə getdiyini və bunun bəhrəsini Premyer Liqada görəcəklərini bildirib.

- Rail, Antalyada davam edən təlim-məşq toplanışı necə gedir?
- Burada hazırlığımız intensiv şəkildə davam edir. İlk toplanış olduğu üçün, əsasən fiziki hazırlığımızı yüksəldən məşqlər keçirik. Bildiyiniz kimi, komandamıza yeni məşqçi dəvət edilib. Türkiyəli Mehmet Ak əvvəl çalışdığı klublarda adından söz etdirməyi bacarıb. Əgər "Neftçi" rəhbərliyi ona etimad göstərib dəvət edibsə, deməli səviyyəli məşqçidir.

- Futbolçulara verilən tapşırıqları yerinə yetirmək baxımından hər hansı problem yoxdur ki?
- Komandanın heyətində yer alan futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarının öhdəsindən layiqincə gəlirlər. İnanıram ki, biz bunun bəhrəsini Premyer Liqada görəcəyik. Hazırda liderik, çempionatın sonuna kimi lider qalmaq istəyirik. Mən də komandanın kapitanı kimi bütün məsuliyyətlə bu çətin işi uğurla sona çatdırıb, qızıl medalları qazanacağımızı demək istəyirəm.

- “Neftçi”nin heyətində bir çox gənc futbolçu yer alır. Onlardan bəziləri əsas komanda ilə ilk dəfə təlim-məşq toplanışına yollanıb. Hazırlıqda onlar özlərini necə göstərirlər?
- Bizim kollektivdə ən gənc futbolçudan ən yaşlısına qədər hər kəs məşqlərdə bütün gücünü ortaya qoyur. Komanda daxilində mükəmməl abı-hava hökm sürür. Bu da təbii ki, baş məşqçimizin əməyidir. Ən yaşlımız olan Rauf Mehdiyevin möhtəşəm çalışqanlığı gənc futbolçulara da sirayət edir. Mən əvvəllər “Şəmkir”in məşqinə baxırdım, Rauf Mehdiyev o zaman orada çıxış edirdi. Onun oyununu çox bəyənirdim. Təsəvvür edə bilməzdim ki, gələcəkdə onunla bir komandada çıxış edəcəyəm. Tale elə gətirdi ki, biz “Neftçi”nin uğurları üçün tər tökməyə başladıq. Mən fəxr edirəm ki, onun kimi peşəkar futbolçu ilə bir komandada oynayıram.