Rəşad Sadıqov: 1-2 söz öyrəniblər - MÜSAHİBƏ
14.01.2011 - 12:21
Rəşad Sadıqov: 1-2 söz öyrəniblər - MÜSAHİBƏ
Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Əskişəhərspor”da işləriniz necə gedir?
- Şükürlər olsun, hər şey qaydasındadır. Zədəli olduğumdan, bir az problemlər vardı. Təlim-məşq toplanışının son günüdür. Son yoxlama oyunu ilə hazırlığımız bitir.

- Komandada ab-havanı görəndə, futbolçulara artıq çox qaynayıb-qarışdığınızın şahidi oluruq. Hətta onlara Azərbaycanda daha çox işlətdiyimiz sözləri öyrətmisiniz....
- (gülür) Hə, bir-iki söz öyrəniblər. Ancaq yaxşı sözlər deyil. Hərdən əsəbiləşəndə ağzından nəsə söz çıxır, onu dərhal götürürlər. Ancaq yaxşı sözləri yox. Özləri də bilirlər. Hərdən gəlib, Azərbaycan dilində danışırlar, bildikləri sözlərlə zarafatlaşırlar. Ancaq danışanda tam başa düşmürlər.

- Rəşad Sadıqov milli komandamızın Türkiyə ilə qələbə topunu vurduğu oyundan sonra burada daha çox tanınmağa və “Əskişəhərspor”da oynamaq üçün şans qazanmağa başladı. Ancaq sonradan zədə oldu və ilk dövrədə az oynadınız. Bəs ikinci dövrədə necə olacaq?
- Mən Avroliqa oyunları ilə əlaqədar “Əskişəhərspor”a gec gəldim. İstər-istəməz “oturulmuş heyət” olduğundan, ora düşmək çətin idi. Elə oldu ki, Türkiyə ilə oyundan sonra baş məşqçi mənə əsas heyətdə şans verdi. Bu zaman yavaş-yavaş oynamağa başladım, 4 görüşdə əsas heyətdə meydana çıxdım. Ardından zədələndiyimdən 5 tur iştirak etmədim. Sonuncu turda “18-liy”də olsam da, hələ əsas heyətdə oynamağa hazır deyildim. Gördüyünüz kimi, heyətimiz çox genişdir. “Əskişəhərspor” Türkiyənin böyük klublarından, “Bursaspor”dan sonra ən geniş heyətə malik komandadır. Hər mövqedə ən azı iki yaxşı futbolçu var. Komanda son turlarda uğurlu çıxıb edib, rəqabət ciddi olacaq. Xüsusilə, müdafiəçilər yaxşı oynayırlar. Buna görə də asan olmayacaq. Mən də özümü psixoloji cəhətdən buna hazırlamağa, məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Hər şey Superliqa oyunlarında dəqiq bilinəcək.

- Komandada perspektivlərinizi necə görürsünüz? Qalmaq istəyirsiniz, yoxsa?
- Şəxsən, mən qalmaq istəyirəm. Ancaq əlbəttə, adam oynamaq istədiyi yerdə qalmaq istəyər. Mən həmişə zəif komandada da olsa, oynamaq istəmişəm. Hələ ki qalmaq istəyirəm. İnşallah, qarşıda ikinci dövrə var. Orada əsas heyətdə oynaya bilmək üçün var-gücümlə çalışacağam. Baş məşqçimiz Bülənt Uyğun yoldaşlıq görüşlərində mənə şans verib. İkisində 90, birində 25 dəqiqə oynamışam. Uyğun hamıya şans verir. Burda əsas heyətdə yer almayan yoxdur. Son görüşdə daha çox oynamayanlara şans verəcəyini dedi. Uyğun çalışır ki, hamı oynasın, praktika qazansın. O, elə bir məşqçidir, qalib heyəti çox nadir hallarda dəyişir. Komanda uğurlu çıxış etdikdə heyətə əl vurmamağa çalışır. Son 6 turda komandamız çox uğurlu çıxış edib. Səfərdə “Trabzonspor”, “Kayserispor”la bərabərlik, evdə ”Beşiktaş” üzərində qələbə. Ona görə də əsas heyətə qayıtmaq asan olmayacaq. Ancaq var-gücümlə çalışıb, şansımı gözləyəcəyəm.

- “Əskişəhərspor” qış transferində mövqeyinizə futbolçu transfer etmək istəyir. Bu, nədən irəli gəlir?
- Bildiyiniz kimi, mərkəz müdafiəçimiz Luko Vuçko komandadan ayrıldı. Onun yerinə birini transfer etmək istəyirdi. Uyğun komandada 22, hər mövqedə 2 yaxşı futbolçunun, rəqabət olmasını istəyir. İndi 3 mərkəz müdafiəçisi olduğundan, buna görə transfer etmək istəyir. Bunun olub-olmayacağını bilmirəm. Biz buna hər zaman buna hazır olmalıyıq. Yeni transfer olmasa belə, əsas heyətdə oynamaq asan olmayacaq.

- Əskişəhərli azarkeşlərinin çılğın olduğunu bilirik. Onların sizə münasibəti necədir?
- Çox çılğın, tələbkar azarkeşləri var. Mənimlə bağlı problem yoxdur. Hər şey normaldır, qaydasındadır.

Mehman SÜLEYMANOV