Arif Əsədov: Biz 2 mövqeyə legioner axtarırıq - MÜSAHİBƏ
14.01.2011 - 15:48
Arif Əsədov: Biz 2 mövqeyə legioner axtarırıq - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Antalyada hazırlığın ilk mərhələsinin yarılanır. Futbolçulardan test normativləri götürmüsünüz. Hazırlığın gedişi sizi nə dərəcədə razı salır?
- Ümumilikdə götürdükdə, bu gün üçün yaxşıdır. Test normativlərinin nəticələrini 3 qrupa bölmək olar: yaxşı, orta, zəif. Nəticələri biləndən sonra fiziki çalışmalarımızı fərdi şəkildə buna uyğun “Polor saatlar”dan istifadə edərək, qururuq. Bunlar səhərlər olur, toplu çalışmalarımız isə yenə axşam olduğu kimi qalır.

- Test normativlərini verə bilməyən, yaxud gözlənilməz nəticə göstərən futbolçular oldumu?
- Yox. Hamısı verdi. Əsas biz nəbzi, ürək döyüntüsünü, qaçdığı kilometrajı götürürük. Bunlar hesablanaraq, hər futbolçuya öz nəbzinə uyğun olaraq məşq qrafiki qurulur. Hər futbolçunun öz “Polor saatı” olur ki, fiziki məşqlərdə ondan istifadə edir. Fiziki hazırlıq üzrə məşqçimiz Mehmet Ak axşam onları hesablayaraq, futbolçularımızın düzgün qaçıb-qaçmadığını müəyyənləşdirəcək. Artıq bundan sonra onları nəzarətdə saxlayırıq.

- Yeni futbolçularla bağlı danışıqlar nə yerdədir?
- Danışıqlar gedir. Seleksiyaçı-məşqçimiz Bəxtiyar Musayev bu işlərlə məşğuldur. Bu günlərdə nəsə olmalı, gəlməlidirlər.

- Konkret hansı mövqelər üzrə axtarışdasınız?
- İki mövqeyə - qapıçı və əsas dayaq yarımmüdafiəçisi. Bunlar üzərində çalışırıq.

- Dayaq yarımmüdafiəçisi Amit Quluzadənin “Fənərbaxça”ya gedişindən sonra daha çox gündəmə gəldi, yoxsa?
- Bu mövqeyə yeni futbolçunun gətirilməsi əvvəldən nəzərimizdə vardı. İstifadə etdiyimiz bir neçə taktiki sxem var və orada mənə lazım olan müdafiəyə meylli yarımmüdafiəçini axtarırıq.

- Komandaya yenə makedoniyalı futbolçuların gəlişi gözlənilir? Bu ölkədən menecerlə danışmamısız?
- Bura çox menecerlər gəlir və hərəsi cürbəcür mövqelərə futbolçu təklif edir. Bilirlər ki, “Neftçi” burdadır və onlardan qaçmamaq da mümkün deyil. Sadəcə olaraq, onlara qulaq asaraq, fikrimizi, konkret bu mövqeyə futbolçu lazım olduğunu deyirik.

- Yəni “Neftçi”yə menecerlər tərəfindən çoxlu futbolçular təklif olunur?
- Bəli. Hər mövqeyə futbolçular göstərirlər. Baxışa da futbolçu təklif edirlər. Ancaq biz bunu çox da istəmirik. Sadəcə, bu günlərdə biri gəlməlidir. Onda sizə açıqlama verəcəyəm.

- Hücuma yeni futbolçu gətirməyi planlaşdırmırsınız?
- Yox. Gənclər yığmamızın hücumçusu olan Ruslan Qurbanovu da əsas komandaya cəlb edərək, bura gətirmişik. Bahodir Nasimov, Emil Mpenza kimi səviyyəli əcnəbi hücumçularımız var. Yeri gəlmişkən, vətənində istirahıtdı Bahodirlə də əlaqə saxlamışıq. Artıq o da darıxıbdır. Zəng edərək, bunu deyib, komandaya gəlmək istəyir. Nasimov yanvarın 20-də artıq bizlə olacaqdır. Bu test normativlərinin hamısı ona da aiddir. Zədəlilərimiz də növbəti hazırlıqda bunu verəcəklər.

- Amitin “Fənərbaxça”dakı perspektivini necə görürsünüz?
- Hər şey özündən asılıdır. O, artıq birinci mərhələni keçdi. Əsas o idi ki, “Fənərbaxça” Amitə baxaraq, bəyənib. Futbolçumuz böyük kluba dəvət alıb. Orada işlərinin necə getməsi Quluzadənin özündən asılıdır. Çoxlu işləməli, fikrini tam futbola yönəltməlidir. Biz Amitə inanırıq. O, bizdə də özünü göstərib, hər zaman çalışqanlığı ilə seçilirdi. İnanırıq ki, Quluzadə “Fənərbaxça”da möhkəmlənəcək. Bu, gələcəkdə digər gənc futbolçularımıza da stimul olacaq. Onlar fikirlərini Azərbaycanın daxilinə yox, kənarına yönəldəcək. Futbolçularımız xaricdə nə qədər çox oynasa, futbolçumuza, millimizə bir o qədər xeyirli olar.

Mehman SÜLEYMANOV