“Neftçi”də zədəli futbolçuların sayı artır
14.01.2011 - 16:10
“Neftçi”də zədəli futbolçuların sayı artır
Bakının “Neftçi” klubu Türkiyədəki hazırlığın ilk mərhələsini davam etdirir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, məşqlərini intensivləşdirən komanda səhər 2 saatlıq məşqini fiziki çalışmalar üzərində keçdi. Əvvəl fitnes zalında trenajorlarda çalışan futbolçular ardından yaşıl meydançaya yollandılar. Orada müxtəlif fiziki hərəkətlər edən oyunçuların yüklənməklə, dözümlükləri yoxlanılırdı.
Məşqlərinin komandanın yeni fiziki çalışdırıcısı türkiyəli Mehmet Ak baş məşqçi Arif Əsədovun nəzarəti altında keçirdi. Bu gün səhər məşqində Ruslan Əmircanov iştirak etmirdi. Əsədov apasport.az-a açıqlamasında bunu futbolçunun soyuqlamağı ilə izah etdi: “Rəşad Abdullayev isə dabanındakı zədə üzündən, hələ ki məşqlərə qatılmır. O, hazırda fiziki gücünü artırmaq yönündə çalışır. Ruslan Qurbanovun isə yüngül əzələsi var, əzələsini dartıb. Bu səbəbdən daha çox fərdi çalışır, toplu çalışmalara sonradan qatılacaq”. Komandanın axşamkı hazırlığı toplu çalışmalar üzərində qurulub.

Qeyd edək ki, “Neftçi”nin braziliyalı sol cinah oyunçuları Alessandro Vyana da Silva ilə Flavinyo Antalyaya gəlsələr də, komanda ilə birgə çalışmırlar. Özbək Bahodir Nasimov vətənində həm istirahət edir, həm də müalicəsini davam etdirir. Litvalı Paulius Qribauskas da vətənində əməliyyatdan sonra bərpa prosesi keçir.

Mehman SÜLEYMANOV