Mehmet Ak: Futbolçuların çalışmaq əzminə həsəd aparmaq lazımdır
14.01.2011 - 17:47
Mehmet Ak: Futbolçuların çalışmaq əzminə həsəd aparmaq lazımdır
"Bildiyiniz kimi, komandaya yeni qoşulmuşam. Hazırlığın ikinci günü futbolçulardan test götürdük. Nəticələrin bizi qane etdiyini deməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun məşqçisi Mehmet Ak deyib.

Komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı olan türkiyəli mütəxəssis klubun rəsmi internet saytına açıqlama verib: “Məhz bu testin sayəsində baş məşqçi Arif Əsədovun planına uyğun, hansı futbolçuya nə qədər tapşırıq verməli olduğumuzu öyrəndik. Artıq bu gün komanda üzvləri fitnes testinə cəlb ediləcək. Flaqmanın futbolçularının çalışmaq əzminə isə yalnız həsəd aparmaq lazımdır. Komandanın kapitanı Rail Məlikov məşqlərdə futbolçuları sanki vacib oyuna kökləyir. Bu isə məşqçilər korpusunun işini asanlaşdırır”.

Ak bildirib ki, bütün heyət üzvləri çox istəklə çalışırlar: “Texniki-taktiki cəhətdən komanda yüksək səviyyədədir, fiziki hazırlığı da eyni səviyyəyə çatdıra bilsək, "Neftçi" qarşısıalınmaz olacaq. Təlim-məşqə yeni başlamışıq, bir müddət sonra fiziki hazırlıq da ən üst səviyyədə olacaq. Klubda olan ab-hava isə mükəmməldir. Klub rəhbərliyi və baş məşqçimiz kollektivdə gözəl atmosfer yaradıb. Daxildə olduqda bunu görmək mümkündür. Heyətdə istedadlı gənc futbolçulara daim diqqət yetirilir. Bu, çox yaxşı haldır".