“Onları atıb, yenidən futbola qayıda bilmərəm” - MÜSAHİBƏ
15.01.2011 - 00:00
“Onları atıb, yenidən futbola qayıda bilmərəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- İşləriniz necə gedir?
- Artıq futbolçu karyeramı bitirib, menecer sahəsinə çalışıram. FİFA agenti lisenziyasını almışam. İsveçdə işləyirəm. Avropada yaxşı əlaqələrimiz var. Biz qitənin bütün klubları ilə işləyirik. Futbolu atandan sonra nə ilə məşğul ola biləcəyim haqda fikirləşdim. Futbolçu kimi çox ölkələrdə olmuşam. Avropada 6 müxtəlif çempionatda oynamışam. Həmin vaxtdan yavaş-yavaş çoxları ilə tanış olub, əlaqə qurmuşam. İndi bunlar işimə yarayır. Düşündüm ki, futbol sahəsində qalım və FİFA agenti kimi fəaliyyət göstərirəm.

- İndi qış fasiləsi olduğundan, Avropanın çox klubları Antalyada gəlib...
- Elədir. İndi Avropada qış “transfer pəncərəsi” açıqdır. Futbolçuların klublara keçidi mövsümüdür. Mən də bu üzdən bura gəlmişəm. “Titanik” otelində işlərim vardı. Bunu həll edib, Bələkə yollanıram. Bir sıra klublar var ki, onlara yeni futbolçular dəvət etməkdə yardımçı oluram.

- Bir müddət öncə də futbolçu karyeranızı bitirərək, idman direktoru çalışdınız. Ancaq çox keçmədi yenidən yaşıl meydana qayıtdınız. Fikrinizi yenə dəyişməyəcəksiniz?
- Yox. Bu dəfə fikrim qətidir.

- Cəmi 29 yaşınız var və futbolçu karyeranızı çox erkən bitirirsiniz...
- Axı hamını ata bilmərəm. Mənim öz futbolçularım var. Hamısı mənə bel bağlayır. Onlardan üz çevirib, yenidən futbola qayıda bilmərəm. İndiki işim xoşuma gəlir və görünən hər şey mənə hələlik münasibdir. Allaha şükür, işlərim yaxşı gedir.

- İşlədiyiniz futbolçular kimlədir? Onlar arasında tanınmışları var?
- Tanınmış deyəndə ki, İsveçin yüksək liqasında oynayan çoxlu futbolçularım var. Moskva “Spartak”ında oynayan braziliyalı hücumçu Ari birgə işlədiyim həmkarımın futbolçusudur. İşbirliyində olduğumuz futbolçular arasında Türkiyədə də oynayanı var.

- Yəni indiki işiniz sizin üçün maraqlıdır?
- Lap çox. Mən neçə il futbol oynamışam. Futbolçuya baxan kimi dərhal görürəm ki, kim yaxşıdır, kim pis. Özün oymamınsansa, güclü ilə zəif futbolçunu ayırmaq asandır.

- Gələcəkdə bu işinizdə qalmaq istəyirsiniz, yoxsa məşqçiliyə başlaya bilərsiniz?
- Hələlik bu iş xoşuma gəlir.

- İndi yaxşı pul qazanırsınız, yoxsa futbolçu olanda?
- (gülür) Pul sarıdan vəziyyət normaldır. İşim maraqlıdır, normal qazanıram. Əsas odur ki, işlərim yaxşı getsin.

- Azərbaycan klublarına futbolçu təklif edib, əməkdaşlıq etməyi planlaşdırırsınız?
- Buna baxarıq. Əlbəttə, Azərbaycan klubları ilə əməkdaşlıq etməyə çalışacağıq. Yavaş-yavaş işləri quracağıq.

- Karyeranızda son klub olan “Orduspor”dan getsəniz, sonradan geri qaytarıldınız və yenidən yollarınızı ayırdınız...
- Çünki onlar pulumu lazım olan qədər ödəmirdilər.

- Bununla əlaqədar Türkiyə Futbol Federasiyasına şikayət etdiniz?
- Bəli, rəsmi müraciətim oldu. Sonda klubla müqaviləni pozduq və sərbəst oldum.

- “Orduspor” sizə borcu ödədimi?
- Hələ buna qərar verməyiblər. Baxarıq, bunu gələcək göstərəcək.

Mehman SÜLEYMANOV