Elnur Abdullayev: Hər gün oturub, qeybət qırırlar
16.01.2011 - 00:01
Elnur Abdullayev:   Hər  gün  oturub,  qeybət qırırlar
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- Necə düşünürsünüz, azarkeşlər sizi kifayət qədər tanıya bilirlərmi?
- Ola bilsin ki, yox. Ancaq bu gün ən çılğın azarkeşlər “Xəzər Lənkəran”a məxsusdur. Böyük əksəriyyəti futbolla nəfəs alır. İnanmıram ki, nəinki məni, Premyer Liqada çıxış edən hansısa futbolçunu tanımasınlar. Məncə, onların hər şeydən və hamıdan xəbərləri var.

- Bəzi futbolçular var ki, meydanda çılğın, amma meydandan kənarda sakit təbiətli olduqlarını deyirlər. Bəs siz öz xasiyyətiniz haqda nə deyə bilərsiniz?
- Sakit təbiətli insanam. Meydanda da hər zaman sakit olmağa, hansısa provokasiyaya getməməyə çalışıram. Bəzən olur ki, haqsızlıqla üzləşəndə əsəblərimi cilovlaya bilmirəm. Amma əsəbi insan deyiləm.

- İnadkarsız?
- Bir az.

- “Tərsliyiniz” tutanda neynirsiniz: sizi necə yola sakitləşdirirlər?
- Heç nə etmək lazım deyil. 10 dəqiqədən sonra yumşalıram, əvvəlki insan oluram. Ürəyiyumşağam. Qəddarlıqla, kin saxlamaqla işim yoxdur.

- Bundan istifadə edənlər olurmu?
- İmkan vermirəm. Dərhal məqsədlərini anlayıram.

- Necə?
- Çünki ətrafımda bu cür insanların cəmləşməsinə, olmasına şərait yaratmıram. Bu cür adamlardan qaçıram. Onlar həqiqətən də təhlükəli olurlar.

- Ümumiyyətlə, indi futbolçularımız pis qazanmırlar. Buna görə də özünü dost deyib sırıyanlar kifayət qədərdir. Sizinlə necə, pulunuza görə dostluq edənlər varmı?
- Xeyr, yenə deyirəm, elə şəxsi mənfəətlərini güdənlərdən uzaq oluram. Bu gün Elnurla puluna yox, özümə görə dostluq edirlər.

- Əvvəllər olubmu ki, dost deyib yaxınlıq etdiyiniz insan sizə qarşı haqsızlıq etsin?
- Olmayıb, deyə bilmərəm. Həyatda insanın başına hər cür hadisə gəlir. İnsanları tanımağa çalışıram. Seçimimdə səhv etmirəm. Daha doğrusu, həyatda səhv edə bilərəm, amma insan seçimində buna yol vermirəm.

- Futbolçularımız etiraf etməsələr də, bu da faktdır ki, hər zaman diqqət mərkəzində olmaq istəyirlər. “Xəzər Lənkəran”ın üzvləri bu baxımdan fərqlənirlər. İddialı və imkanlı olması mətbuatın bu komandaya hər zaman maraq göstərməsinə gətirib çıxarır. Belədə siz də daxil olmaqla, futbolçular tez-tez mətbuatın gündəmində olur...
- Bu sözlər daha çox publika üçün oynayan futbolçulara aiddir. Mənim üçün formasını geyindiyim komandanın uğur qazanması vacibdir. Meydana bunun üçün çıxmışam, “Xəzər Lənkəran”da da belə olacaq. Komanda üçün oyunçunu azarkeşlər də hər zaman sevəcəklər.

- Zəhmətkeş insansınız?
- Bəli, bu yaşıma qədər nə qazanmışamsa, öz zəhmətim hesabına nail olmuşam. Uşaqlıqdan əziyyət çəkmişəm. Evdən icazə vermirdilər, qaçıb gedirdim.

- Kasıbçılığın nə olduğunu bilirsinizmi?
- Çox yaxşı bilirəm. Bu gün valideynlərimə, qardaşlarıma mən baxıram. Əslində, borcumdur. Yəni, bu gün qazandığımı yalnız özüm üçün xərcləyən insan deyiləm.

- Sonradan varlanıb özünü itirənlər, keçmişini unudanlar da az deyil...
- Çoxdur. Elə futbolçular var ki, pul görüb özlərini “buraxıb”lar. Sadəlik baş ucalığıdır. Sadə olmaq lazımdır. Pul bu gün var, sabah olmaya bilər.

- Valideynlərinin üzünə ağ ola bilərsinizmi?
- Ola bilər, əsəbi olub nə vaxtsa sözlərindən çıxım. Ancaq onların üzünə ağ olmaram. Valideynə hər zaman borcluyuq. Onları unutmaq, yaddan çıxarmaq mümkün deyil.

- Onların borcunu qaytara bilmisinizmi?
- Valideyn borcundan heç vaxt çıxmaq olmaz. Nə qədər yaxşılıq etsəm, azdır.

- Ailəlisiniz?
- Bəli, evliyəm. Bir oğlum var, 4 aylıqdır.

- Ona daha çox nə hədiyyə alırsınız?
- Hələ balacadır, başa düşmür. Böyüyəndə nə istəsə, onu da alacam. İndi nəyə ehtiyacı var, onu alıram.

- Sevib ailə qurmusunuz, yoxsa valideynlərin məsləhəti ilə?
- Sevib, evlənmişik.

- Bəs necə tanış olmusunuz?
- Bir məktəbdə oxumuşuq. Ali məktəbi də bir yerdə oxumuşuq. Tanışlığımız ad günündə olub. Universitetdə oxuyurduq. Orta məktəbdə başım ancaq futbol oynamağa qarışmışdı. 15 yaşımdan “Neftçi”də məşqlərə başlamışam.

- Həyatınızdan razısınızmı?
- Allaha min şükür.

- Siyasətə meyllisinizmi?
- Xəbərlərə baxıram. Baş verən yeniliklərlə tanış olmağı xoşlayıram.

- Hansı siyasi xadimin adını çəkə bilərsiniz?
- (bir qədər fikirlərşir) .... keçək başqa suala.

- Bəs musiqiyə münasibətiniz necədir?
- Xoşlayıram. Elnurun, Röyanın, Nikolay Baskonun repertuarını çox dinləyirəm.

- Qonaq getmək yaxşıdır, yoxsa qəbul etmək?
- Hər ikisini.

- Hansı mövzuda söhbət etməyi xoşlayırsınız?
- İdmandan, ailədən.

- Nə vaxtsa qiymətli əşya itirmisiniz?
- Elə bir şey itirməmişəm, heç arzulamıram da.

- Gözdəyməsinə inanırsınız?
- İnanıram.

- Qorunmaq üçün neynirsiniz?
- Göydə Allah var. Yaradan özü qoruyur, mən neynəyə bilərəm?

- İddiasız “Muğan”dan “Xəzər Lənkəran”a keçməyinə göz dəyə bilərmi?
- Ola bilər, elə adam var gözü götürmür, öz aralarında danışırlar. Göz dəymə haqda “Quran”da da var.

- El arasında “əlli yeyənin olsun, amma bir deyənin olmasın”, deyimi də var.
- Var, var. Ən pis şeydir. Hər gün oturub, qeybət qırırlar.

- Qulağınıza çatıb?
- Olub. Belə şeyləri xoşlamıram.

- Arzunuz nədir?
- Nailiyyətlər qazanmaqdır. Avropada oynamaq, millidəki yerimi möhkəmlətmək və əsas heyətə düşməkdir.