Qapıçıları “Xəzər Lənkəran”ı yıxdı - YENİLƏNİB
18.01.2011 - 18:49
Qapıçıları “Xəzər Lənkəran”ı yıxdı - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu bu gün 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin yetirmələri yerli Superliqa təmsilçisi “Kasımpaşa ilə görüşüblər.

Lənkəranlılar Bakı vaxtı ilə saat 17:00-da başlayan qarşılaşmanın ilk yarısında Kamran Ağayev, Elnur Allahverdiyev, Muşad Nikolau, Andrey Mureşan, Rahid Əmirquliyev, Duşan Saviç, Adrian Skarlate, Pits Adrian, Stelian Stanku, Şəhriyar Xəlilov, Turaı Cəlilov “11-liy”inə güvənib. Qol buraxdıqdan sonra hesabda tarazlığı bərpa edən komanda fasiləyə məğlub durumda yollanıb – 1:2.

İkinci hissəyə fərli heyət buraxan Rednik Kosmin Vitka, Simao Bruno, Elvin Beçiri, Adrian Skarlatake, Georgi Moysov, Pits Adrian, Elnur Abdullayev, Stelian Stanku, Şəhriyar Xəlilov, Duşan Saviç, Tural Cəlilov “11-liy”inin oyunda dönüş yaratmasına ümid edib. Az keçməmiş rumın mütəxəssis yeniyetmə Fikrət Ulduzlunu da meydana buraxıb. Həm bundan, həm də Kosminin səhvlərindən yararlanan Superliqanın autsayderi daha 2 qol vuraraq, böyük hesablı qələbə qazanıb – 4:1.

Belə ki, ikinci qolda səhvə yol verən Kamranı əvəzləyən Vitka da üçüncü topun buraxılmasının əsas səbəbkarı olub.

Bu, “Xəzər Lənkəran”ın 2011-ci ildə 2-ci məğlubiyyəti olub. Bunadək komanda Qazaxıstanın “Atırau” klubuna uduzmuşdu – 1:2.

“XƏZƏR LƏNKƏRAN” – “KASIMPAŞA” (Türkiyə) - 1:4
QOLLAR: Saviç, 25, - Aboul Rahim Sebah, 13, Orhan Öztürk, 30, Fernando Varela Ramos, 52, O.Aydın, 81

Qeyd edək ki, oyunu izləyənlər arasında Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov da olub. Onunla yanaşı azərbaycanlı hakimlər də arenada olublar. Bu isə onunla bağlı olub ki, lənkəranlılardan sonra meydana çıxacaq “Aktobe” (Qazaxıstan) – “Mis-Kerman” (İran) görüşünü həmyerlilərimiz idarə edəcək. Oyunun baş hakimi isə Elnur Muradovdur.