“İnter” Azərbaycan rekordlarını sıralayır
18.01.2011 - 18:22
“İnter” Azərbaycan rekordlarını sıralayır
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku”nda çıxış edən Bakının “İnter” klubu daha 2 rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri qrup mərhələsini 9 xalla başa buran ilk Azərbaycan təmsilçisi olublar.

Qrup mərhələsində Qırğızıstanın “Neftçi” və Tacikistanın “İstiqlal” klublarını eyni – 3:0, Moldova “İskra-Stal”ını 1:0 hesabı ilə məğlub edən bakılılar 1/4 finala maksimum nəticə ilə yüksəlib. 1993-cü ildən təşkil olunan yarışda heç bir Azərbaycan klubu qrupda 9 xal toplamamışdı. Düzdür, 2005-ci ildə “Neftçi” 100 faizlik nəticə göstərmişdi. Lakin həmin vaxt qrupumuzda 4 yox, 3 komanda oynayırdı və bu səbəbdən paytaxt təmsilçisi 2 qələbə ilə növbəti mərhələyə çıxmışdı. “Neftçi” 2006, “İnter” 2009-cu ildə də qrupu məğlubiyyətsiz başa burmuşdu. Lakin hər 2 halda təmsilçimiz 7 xal yığmışdı.

Sxadadzenin yetirmələrinin daha 1 rekordu qrupda qol buraxmaması ilə bağlıdır. Belə ki, indiyədək qrupda uduzmadığımız hər 3 turnirdə qapıçılarımız ən azı 1 dəfə topu tordan çıxarmalı olmuşdu. “İnter” isə 1/4 finala qol buraxmadan yüksəlib. Bununla da onlar buna nail olan ilk Azərbaycan klubu olublar.

Qeyd edək ki, “İnter” 1 yarışda 2 böyük hesablı qələbə qazanan və 1 matçda 2 avtoqola sevinən ilk komandamız kimi də tarixə düşüb.