“Erkən qol vurmasaydıq, işimiz çətin olardı”
19.01.2011 - 00:09
“Erkən qol vurmasaydıq, işimiz çətin olardı”
“Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində daha bir yoxlama görüşündə qüvvəsini sınadı. “Ağ-yaşıllar”ın ikinci rəqibi Türkiyənin “Kasımpaşa” klubu oldu. “Topqapı” otelinə məxsus meydançada 4:1 hesablı qələbə qazanan Superliqa təmsilçisinin futbolçusu Ersin Martin qarşılaşmadan sonra apasport.az saytının suallarını cavablandırıb.

- Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Yaxşı oyun oldu. Belə çətin keçəcəyini gözləmirdik. Bazar günü Superliqada görüşümüz var. Bu səbəbdən hamı özünü göstərməyə çalışırdı. Bizim üçün yaxşı sınaq oldu.

- Bəs, “Xəzər Lənkəran”ın oyunu barədə nə deyə bilərsiniz?
- Gənc, yaxşı komandadır. Nəticənin belə olduğuna fikir verməyin. Rəqibin heyətində gənc futbolçular çox yaxşı təsir bağışladılar. Top saxlamaq, qısa ötürmələr, bütün bunlar normal idi. Fikrimcə, erkən qol vurmasaydıq, işimiz çətin olardı.

- “Kasımpaşa” ötən ilin oktyabrında da “Xəzər Lənkəran”ı yoldaşlıq matçında məğlub etmişdi. Həmin komanda ilə indiki arasında fərq varmı?
- Desəm ki, indi yaxşıdır, düzgün çıxmaz. Çünki yadımda deyil.

- Bəs rəqibin heyətində tanıdığınız futbolçu var idimi?
- Qapıçınız mənə tanış gəlir. O, Azərbaycan milli komandasında oynamır ki? Adı nədir onun?

- Kamran Ağayev.
- Deyəsən, Türkiyə yığmasına qarşı da oynayıb, eləmi?

- Bəli. Birinci hissədə qapını o qorudu. Ağayevdən başqa, “Xəzər Lənkəran”da milli komandanın daha 2 üzvü var...
- Hansılar?

- Biri 14 nömrə (Rahid Əmirquliyev), biri isə qalmaqal yaşadığınız 2 nömrə (Elnur Allahverdiyev).
- Aydındır. Deyim ki, Kamran yaxşı qapıçıdır.

- Bəs Elnur?
- O da yaxşıdır. Amma çox sərt oynayır.

- Yeri gəlmişkən, onunla mübarizə apardığınız bir epizodda yıxılsanız da, Elnura xoşagəlməz sözlər dediniz...
- Oyun zamanı hər şey olur. Əsəbiləşdim, ona görə.

- Amma Elnur centlmenlik edərək, sizə əl uzatdı. Siz isə bunu qəbul etmədiniz...
- Bir iş idi oldu. Biz meydanda rəqib idik. Hər şey də meydanda qaldı.