“Bakı”dan jurnalistlərə hörmətsizlik
21.01.2011 - 00:00
“Bakı”dan jurnalistlərə hörmətsizlik
Antalyada təlim-məşq toplanışında olan “Bakı” hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, paytaxtın eyniadlı komandası dünən axşam məşqini məskunlaşdığı “Su sesi” otelinin meydançasında keçirib.

“Zolaqlılar”ın hazırlığını Antalyaya ezam olunan bir qrup azərbaycanlı jurnalistin izləyib, material hazırlamaq istəyi isə gözündə qalıb. Belə ki, klub rəsmiləri media nümayəndələrini meydançadan çıxarıb. Səbəb kimi jurnalistlərə meydançaya başqa qapıdan girmələrinin vacib olması (?) göstərilib.

Halbuki, “Bakı”dan öncə həmin jurnalistlərin Premyer Liqamızın digər təmsilçisi “Qəbələ”nin məşqini izləyib, çəkiliş aparması, baş məşqçi Toni Adams və futbolçulardan müsahibə alınması üçün hər cür şərait yaradılmışdı.

Bununla belə, incik həmkarlarımız “əliboş” qalmayıblar. Onlar meydanı tərk edərək, “Xəzər Lənkəran”ın məşqinə yollanıblar. “Bakı”dan fərqli, “ağ-yaşıllar”ın nümayəndələri jurnalistlərin rumın baş məşqçi Mirça Rednik və futbolçularla danışmasına problem yaratmayıb.

İxtiyar ƏSGƏROV