Toni Adams: Ola bilər ki, yenə komandamızdan gedənlər olsun
21.01.2011 - 11:54
Toni Adams: Ola bilər ki, yenə komandamızdan gedənlər olsun
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams Türkiyəyə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, ingilis çalışdırıcı hazırlıqla bağlı bir sıra sualları cavablandırıb.

- Hazırlıq prosesi necə gedir?
- Bir neçə gün başlayan təlim-məşq toplanışımız plan üzrə gedir. Mən bu toplanışı Premyer Liqanın növbəti turunda fevralın 13-də “Qarabağ”la oyuna əsas hazırlıq adlandırardım. XIX turdan sonra futbolçuları 3 həftəlik istirahətə buraxsam da, onlar klubun sıralarına qənaətbəxş vəziyyətdə qayıtdılar. Mən futbolçuların indi kondisiyaları ilə razıyam.

- Bununla belə, hazırlığı niyə bel gec başladınız?
- Çünki onlar peşəkar futbolçulardır və necə işləmək lazım olduğunu, özünə baxmağı izah etməyə ehtiyac yoxdur. Mən də futbol oynasam da, bu, 90-cı illərdə olub. Onda futbolçular çoxlu alkoqol qəbul edir, çoxlu yeyirdi, çəkilərinə nəzarət etmirdi. Nəticədə forma ilə bağlı problem yaranırdı. İndi hər şey dəyişib. Onlar peşəkar futbolçulardır və istirahətdən öncə necə məşq etməklə bağlı hazırlıq planlarını payladıq. Biz indi toplanışa yığışsaq da, futbolçularımız yanvarın 2-dən proqram üzrə işləyirlər. Xoşbəxtlikdən futbolçularımızdan heç biri komandanın sərəncamına artıq çəki ilə gəlməyib.

- Komandanız çempionata uğursuz başladı. Məğlubiyyət seriyası oldu, sonradan isə birdən toparlanıb, maraqlı futbol göstərdiniz. Belə qeyri-sabit çıxışın səbəbi nədir?
- Mən başa düşürəm ki, siz komandanın ilk turlardakı nəticələrinə əsasən mühakimə yürüdürsünüz. Ancaq mən vəziyyətə başqa prizmadan baxırdım. İndi “Qəbələ”də öz stadionunda oynayacaq yeni komanda qurulur. İndi bizim üçün ən vacibi möhkəm kollektiv qurmaqdır. Əlbəttə, komanda qarşısına hər oyunda qalib gəlmək məqsədi qoyuruq.

- Sizə Hollandiyadan yeni futbolçular gəlib. Hücumçular İvan Redan və Con Kollins haqda fikirlərinizi öyrənmək istərdik...
- Hələ onların kondisiyaları haqda nəsə demək tezdir. Yoxlama oyunlarında baxacağıq. Fiziki cəhətdən yaxşı hazırlıqlı olsalar da, son qərar vermək üçün iş başında görmək lazımdır.

- Siz çempionatın gedişində bir neçə futbolçu ilə yollarınızı ayıracağınızı demişdiniz. Ancaq indi “Qəbələ”nin toplanışı başlayıb və praktiki olaraq bütün futbolçular orada iştirak edir...
- Biz cəmi 3 futbolçu ilə yollarımızı ayırdıq. Asəf Qədiri və Pərvin Paşayev getmək istədiklərini bildirdilər, Rəhman Musayevi isə “Abşeron”a 6 aylığa icarəyə verdik. Ola bilsin ki, yenə kiminləsə yollarımızı ayırdıq, ancaq buna vaxt lazımdır. İndi komanda ilə 22 futbolçu məşq edir. Bunlardan 2-si baxışdadır. Bir neçə futbolçu isə lazımı təcrübəyə malik deyildir. Deməli, sərəncamımda olan futbolçulardan yalnız 17-18-nə bel bağlaya bilərəm. Kadr seçimi üçün daha geniş heyətin olmalıdır.

- Çempionatın həlledici mərhələsi öncəsi hansı mövqeləri gücləndirmək istərdiniz?
- İndiki futbolçularımızdan kiminsə zəif olduğunu, kimi dəvət etmək istədiyimizi demək düzgün olmazdı. Gəlin əvvəl potensial yeni futbolçuları müəyyənləşdirək, onları iş başında yoxlayaq, sonra çatışmazlıqlar haqda danışaq və futbolçuları müqayisə edək.

- Yeri gəlmişkən, yaxında klubunuz Afrikadan futbolçularla güclənəcəklərini bildirib. Onlar kimdir? Hansı ölkələrdəndir? Nə vaxt komandaya gələcəklər?
- Adlar çəkməyəcəyəm. Fikrimcə, onlar bu həftənin içində gələcəklər.