“Azərbaycana elə-belə yox, güclü kluba keçmək üçün qayıtmaq istərdim”
21.01.2011 - 12:53
“Azərbaycana elə-belə yox, güclü kluba keçmək üçün qayıtmaq istərdim”
“Mən yenidən Azərbaycanda oynamaq istərdim. Ancaq bunun üçün ciddi təklif olmalıdır”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Moldova yığmasının futbolçusu Anatoli Doroş deyib. Ölkəmizdə 2006-cı ildən başlayaraq müxtəlif vaxtlarda “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan” klubunda oynayan hücumçu bombardirlik keyfiyyətləri ilə seçilib.

Ötən yay “təyyarəçilər”in imtinasından sonra Ukraynaya qayıdan Doroş onu ölkəmizə gətirən mütəxəssis İqor Nakoneçnının yanına yollandı: “MKT-Araz”da rəhbərliyi altında oynadığım Nakoneçnını yaxşı tanıdığımdan, onun çalışdırdığı Odessa “Çernonomrets”inə keçməyə qərar verdim. Ancaq I divizionda oynayan bu komandada heç 6 ay qalmadım. Çünki Nakoneçnı postundan getdi və onu əvəzləyən Roman Qriqorçuk öz futbolçularını gətirdi. Karyeramı Qazaxıstanda davam etdirəcəyəm. Pavlodarın “İrtış” klubu ilə şərtləri razılaşdırdıq və müqaviləmiz 1 illikdir. Əslində mən Azərbaycandan sonra bu ölkəyə yollanmış, son çempion “Tobol” klubuna demək olar keçmişdim. Ancaq son anda bəzi məsələlərə görə anlaşmamız baş tutmadı. Azərbaycan çempionatında yenə oynamaq istərdim. Ancaq ora elə-belə yox, güclü klubda oynamaq üçün qayıtmaq arzusundayam”.

Mehman SÜLEYMANOV