Diniyev “Neftçi” ilə Türkiyəyə gedəcək
21.01.2011 - 13:32
Diniyev “Neftçi” ilə Türkiyəyə gedəcək
Bakının “Neftçi” klubu Türkiyənin Antalya şəhərindəki ikinci təlim-məşq toplanışına 2 yeni futbolçu aparacaq. Komandanın baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında ilk hazırlıq mərhələsində olduğu kimi, əvəzedici komandadan 2 oyunçunu götürəcəyini bildirib: “Bunlar yarımmüdafiəçi Malik Babayevlə hücumçu Kərim Diniyevdir. Hər ikisi yeniyetmə futbolçulardır. İlk toplanışına əvəzedici komandamızdan apardığımız müdafiəçi Elton Yaqublu yenə bizimlə gedəcək. Qapıçı Əyyub Əliyev isə Türkiyədə hazırlıq keçən 17 yaşlılardan ibarət yığmamızın heyətinə yollandığından, bu dəfə sıralarımızda olmayacaq. Sınayacağımız yeniyetmə futbolçular üçün əsas komanda ilə hazırlıq keçmək böyük təcrübə olacaq”.

Əsədov legionerlərdən belçikalı Emil Mpenza və makedoniyalılar İqor Mitreski ilə Slavço Georgiyevskinin vətənlərinə yollandığını bildirib. Bu da onların biletlərinin geriyə olması ilə bağlıdır: “Antalyadakı ilk toplanışımızdan sonra komandanı 2 günlük istirahətə buraxmışıq. Həmin 3 legionerimiz fürsətdən istifadə edib, evlərinə yollandılar. Ancaq braziliyalı futbolçularımız – Denis Silva, Alessandro Vyana da Silva və Flavinyo bizimlə birgə Bakıya qayıtdılar. İlk hazırlıq mərhələsində istirahət verərək, çağırmadığımız özbək hücumçu Bahodir Nasimov artıq burdadır. O, sabahdan başlayacaq məşqlərimizə qatılacaq və bizimlə Türkiyəyə gedəcək. Mpenza, Mitreski və Georgiyevski yanvarın 23-də axşam Antalyada olacaqlar. Biz isə ertəsi günorta saatlarında ora çatacağıq. Yanvarın 27-də isə 3 futbolçumuz - Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov millimizə çağırıldıqlarından, Dubaya yollanacaqlar”.

Qeyd edək ki, “Neftçi” Antalyada 4 yoxlama oyunu keçirəcək ikinci toplanışında “Mardan Palace” otelində məskunlaşacaq. Komandaya ötən il Rusiyanın “Terek”in klubundan gələn 19 yaşlı Kərim Diniyev orada məşqçi işləyən Şahin Diniyevin böyük oğludur.

Mehman SÜLEYMANOV