Moldova yığmasının futbolçusu “Neftçi”ni liderliyə layiq sayır
21.01.2011 - 15:08
Moldova yığmasının futbolçusu “Neftçi”ni liderliyə layiq sayır
“Azərbaycanın ən köklü komandası olan “Neftçi” liderliyə layiqdir. Mən oynadığım son iki mövsüm bu komanda üçün uğursuz olmuşdu”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Moldova yığmasının futbolçusu Anatoli Doroş deyib. Anatoli vaxtilə ölkəmizdə çıxış etdiyi zamanı qollar vurduğu, hazırda çempionatımızın vahid lideri olan “Neftçi” ilə Türkiyənin Antalya şəhərində görüşmək imkanı qazandı. Belə ki, hücumçunun yenicə keçdiyi Qazaxıstanın “İrtış” klubu da komandamız kimi orada təlim-məşq toplanışında idi. Fürsətdən istifadə edən Doroş tanış rəqibin hazırlığını kənardan izlədi. O, bizdən xəbər aldığı “Neftçi”nin 1-ci yerdə olmasını eşidəndə buna müsbət reaksiya göstərdi: “Mən oynadığım vaxtda “Neftçi” çempionatı 8-ci yerdə bitirmişdi. Bu, belə böyük tarixi olan komanda üçün böyük uğursuzluq idi, sonda olmaq kimi bir şeydir. Çünki “Neftçi” çempionluğa oynayan komandadır. Həmin vaxt komandada səviyyəli, bahalı futbolçular olsa da, nəticə, oyun yox idi. İndi isə vəziyyətin tam dəyişməsi yaxşı haldır”.

Qeyd edək ki, Doroş ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan” klublarında oynayıb.

Mehman SÜLEYMANOV