Arif Əsədov: Braziliyalı futbolçuya görə “Lion”un yetirməsini ehtiyatda saxlamışıq
21.01.2011 - 14:19
Arif Əsədov: Braziliyalı futbolçuya görə “Lion”un yetirməsini ehtiyatda saxlamışıq
“Türkiyədə baxışa çağırdığımız Yasin Hima haqda hələ qəti fikir bildirməmişik. Ona yenə baxmağa ehtiyac var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Qış fasiləsinə vahid kimi çıxan “ağ-qaralar” Türkiyənin Antalya şəhərindəki 10 günlük ilk təlim-məşq toplanışına cəmi bir yeni futbolçu dəvət etdi. Bu, əslən Əlcəzairdən olan Fransa vətəndaşı Yasin Himadır. “Lion” klubunun yetirməsi olan 27 yaşlı futbolçu “Neftçi”nin axtardığı dayaq yarımmüdafiəçisi mövqeyində oynayır.

Hazırlığın sonunda düşərgəyə gələn Yasin “Rubin” klubu ilə yoxlama oyununda ikinci 45 dəqiqədə oynadı. Əsədovun sözlərinə görə, ondan hələ ki imtina edilməyib: “Yasinin artıq çəkisi bir aydır fərdi məşq etməsi ilə bağlıdır. Ancaq hiss olunur ki, bu legionerdə nəsə var. Dayaq yarımmüdafiəçi üçün ortaya çıxan yeni legionerlə bağlı danışıqlarımız gedir və müsbət yekunlaşa bilər. Buna görə də Yasin variantını ehtiyatda saxlamışıq. Ola bilər ki, onu yenidən Antalyada sınadıq”.

“Neftçi”nin çalışdırıcısı transfer gündəmində olan legionerin adını açıqlamamağı üstün tutdu: “Buna qədər danışıq apardığımız Braziliyanın “Quarani” klubunun kapitanı Reninin keçidi sonda baş tutmadı. 25 yaşlı bu yarımmüdafiəçi Portuqaliyanın “Gimarayenş” klubuna transfer oldu. Buna görə də məsələ tam həll olmadığından, hələ ad çəkmək istəməzdim. Onu deyə bilərəm ki, yenisi də braziliyalıdır, vətənində A seriyasında oynayır. Yeni qapıçı məsələsi gündəmdə qalır. Ancaq yarımmüdafiəçidən fərqli onunla bağlı bir neçə variant var. Axtardığımız mövqelər üçün legionerlərin məsələsini ikinci toplanışa kimi həll edib, orada sərəncamımızda olmalarına çalışacağıq. Antalyaya bu dəfə 2 qapıçı ilə gedəcəyik və 3-cü orada bizə qoşulmalıdır”.

Mehman SÜLEYMANOV