İlya Tsımbalar: Biz Nazim Süleymanovun yolunu gözlədik - EKSKLÜZİV
21.01.2011 - 17:41
İlya Tsımbalar: Biz Nazim Süleymanovun yolunu gözlədik - EKSKLÜZİV
Məşhur rusiyalı futbolçu İlya Tsımbaların apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

- “Titanik” otelinin yeməkxanasında sizin Rusiyadan yaxşı tanıdığınız məşhur futbolçumuz Nazim Süleymanovla mehribancasına görüşdüyünüzün şahidi olduq. Görünür, hələ veteran hücumçumuzu unutmamısınız...
- Əlbəttə ki. Moskva “Spartak”ında oynadığım vaxtda Süleymanovun çıxış etdiyi “Alaniya” klubu ilə çoxlu matçlarımız olub. Onunla yaşıl meydanda və ondan kənarda tez-tez görüşüb, yaxından söhbətləşirdik. 90-cı illərdə “Alaniya” ilə çempionluq uğrunda mübarizə aparırdıq. Sözsüz ki, bizim nəsli təmsil edən Süleymanovu görmək mənim üçün çox xoş idi.

- Sizin üçün Azərbaycanda ən çox tanıdığınız futbolçu məhz Süleymanovdur, yoxsa?
- Əlbəttə, Azərbaycandan çoxlu tanışlarım var. Ancaq məhz Nazimi Rusiyada çox yaxşı tanıyırdılar. Oyundan öncə tapşırıqlar aldığımız zamanı həmişə ona xüsusi diqqət yetirirdik. Çünki Süleymanov qeyri-adi, çox cəld, sürətli, texnikalı futbolçu idi. Bir təhlükəli hücumçu kimi rəqiblərini daim gərginlikdə saxlayırdı.

- Onu Rusiya çempionatının ən yaxşı legionerlərindən saymaq olar?
- Sözsüz. Bu, birmənalıdır.

- Yadımdadır, 1996-cı ildə komandanızla “Alaniya” arasında çempionluq uğrunda keçirilən “qızıl oyun”da Süleymanov hesabda 1:2 geridə olduqları zaman son dəqiqədə real qol imkanını qaçırdı. Baş məşqçi Valeri Qazzayev həmyerlimizi buna görə komandadan çıxardı...
- Bunu yaxşı xatırlayıram. Onu başa düşülməyən nəyəsə görə ittiham etdi. Fikrimcə, deyilənlər doğru deyildi və Süleymanovun fərqlənə bilməməyi sadəcə, təsadüf idi.

- Maraqlıdır, İlya Tsımbalar Azərbaycan və futbolumuz haqda hazırda nə bilir?
- Şübhəsiz ki, SSRİ çempionatı nostalji olaraq yada salınır. Həmin vaxt SSRİ çempionatının güclülər dəstəsində təmsilçiniz “Neftçi” idi. Azərbaycanla bağlı çox isti, xoş xatirələrimiz qalıb.

- Ölkəmizdən hansı dost-tanışlarınızın adlarını çəkə bilərsiniz?
- Konkret ad çəkmək istəmirəm. SSRİ dövründə komandanızdan bütün hamı ilə ünsiyyət qururduq. Onlar bizi yaxşı qəbul edirdi, biz də onları.

- Ancaq Rusiya çempionatında belə imkan olmayıb. Yığmamız milli komandanızla seçmə mərhələlərdə bir qrupa düşmədiyindən, bizə qarşı oynaya bilmədiniz...
- Elədir. Sizinlə görüşmələriniz, Bakıya səfərlərimiz SSRİ vaxtında olub. Bundan isə artıq çox vaxt keçib. Ancaq istənilən halda, Azərbaycana qarşı münasibətimiz yaxşı olub.

- “Spartak”da uzun illər Ramiz Məmmədovla komanda yoldaşı olmusunuz. Yəqin ki, onun əslən azərbaycanlı olduğunu bilirsiniz...
- Əlbəttə. Ramiz Rusiyada anadan olub, ancaq milliyətcə azərbaycanlıdır.

- Maraqlıdır, Məmmədov sizə Azərbaycan haqda nəsə deyirdimi?
- Necə deyim, o, Azərbaycana çox az gedirdi, əsasən Moskvada olurdu.

- Məmmədovu bir futbolçu və insan kimi necə xarakterizə edərdiniz?
- O, çox ağıllı, texnikalı futbolçu, yaxşı insan idi. Mən hesab edirəm ki, Ramiz həmin vaxt Rusiyanın ən yaxşı sağ cinah müdafiəçisi idi. Ancaq təbii ki, azərbaycanlı digər yaxşı futbolçular da olub. Bu, birmənalıdır. Rusiyada oynamış Nazim Süleymanov, Vəli Qasımov, Dmitri Kramarenko və sair. Yaxında “Spartak”ın heyətində Vladiqafqazda “Alaniya”nın çempionluğunun 15 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşündə iştirak etdik. O vaxt komandanın heyəti bizə qarşı oynayırdı.

- Süleymanov həmin oyuna dəvət alsa da, çalışdırdığı AZAL klubunun hazırlığı ilə gələ bilmədi. Yəqin ki, onun yolu gözləyirdiniz?
- Əlbəttə, onun yolunu gözlədik. Çox istərdim ki, yenidən Süleymanovla görüşək, ona qarşı oynayaq.

- “Spartak”ın sabiq futbolçusu olan İqor Mitreski cari mövsümdən “Neftçi”dən oynayır. Mitreski ilə birgə oynamaq sizə nəsib olmasa da, onun haqda fikirlərinizi bilmək maraqlıdır...
- Düzdür, İqorla bir yerdə oynamadım. O, “Spartak”a gələndə mən karyeramı bitirərək, əvəzedici komandanın məşqçisi idim. Hər halda, Mitreskini tanıyıram və onunla çox yaxşı söhbətləşmişik.

- O, “Neftçi”, ölkəmiz haqda sizə nə dedi?
- Yalnız xoş sözlər. “Neftçi”də yaxşı şəraitin olduğunu və yalnız oynamaq qaldığını söylədi.

- Futbolçu karyeranızdan fərqli məşqçiliyiniz hələ uğurlu alınmayıb, öz sözünü deyə bilməmisiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- (gülür) Hələ 41 yaşım var, hər şey qabaqdadır. Ümid edirəm ki, məşqçi kimi də öz sözümü deyəcəyəm.

- Hazırda işlədiyiniz “Ximki”də baş məşqçiniz Aleksandr Qriqoryan ermənidir...
- O, Kislovodskdandır, milliyətcə ermənidir.

- Bizimlə ermənilər arasındakı münasibətləri bilərsiniz...
- Əlbəttə.

- O, Azərbaycan haqda nəsə deyib?
- Açığı, yox. Belə söhbət olmayıb.

- Gələcəkdə azərbaycanlı futbolçu ilə işləmək istərdiniz?
- (gülür) Bunu zaman göstərər. İndidən nəsə ehtimal etmək istəmirəm.

- Azərbaycanlı futbolçulardan kimisə tanıyırsınız?
- Düzünə qalsa, yox. Azərbaycanlı futbolçuları izləmirəm.

- Ötən seçmə mərhələdə yığmanız Azərbaycanla bir qrupda yer aldı. Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda sizi qələbədən məhrum edən futbolçumuz Vaqif Cavadov uzun müddət Moskva MOİK-in sıralarında olub...
- Açığı, həmin vaxt futboldan kənarda olub, oyunları yaxından izləməmişəm. Ona görə də nəsə deyə bilmərəm.

Mehman SÜLEYMANOV