“Ad çəkib indidən həmin uşaqları yandırmaq istəmirəm” - MÜSAHİBƏ
22.01.2011 - 00:27
“Ad çəkib indidən həmin uşaqları yandırmaq istəmirəm” - MÜSAHİBƏ
2009-2010-cu il mövsümündə “Azərcell U-17 liqa”da çempion olan “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası uğurlu çıxışını davam etdirir. Əyalət təmsilçisinin yeniyetmə komandası yenə çempionluğun əsas namizədlərindəndir. Hazırda çempionatda fasilə yarandığından hər komanda kimi onlar da hazırlıqlarını davam etdirirlər. Ancaq digər komandalardan fərqli olaraq, onlar ölkə xaricində hazırlıq keçirlər. Bunun da əsas səbəbi ötən mövsüm “Azərcell U-17 liqa”da çempion olaraq Antalyada təlim-məşq toplanışı keçmək hüququ əldə etmələridir. “Qəbələ”nin U-17 komandasının baş məşqçisi Halim Fıçıcı ilə söhbətimizin əsas mövzusu Antalyadakı təlim-məşq toplanışı oldu.

- Ötən mövsüm “U-17 Azərcell” liqada çempion olaraq Antalyada təlim-məşq toplanışı keçmək imkanı qazandınız. AFFA sizi Antalyaya hazırlıq mərhələsinə göndərdi. Əvvəlcə, istərdik bununla bağlı təəssüratlarını öyrənək...
- Əvvəlcədən, bizə belə gözəl bir imkan yaratdığına görə, AFFA rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Hər cür şəraiti olan möhtəşəm təlim-məşq toplanışı keçdik. Bütün komandaların hazırlıq keçmələri üçün Antalya ideal bir yerdir. Yüksək səviyyəli təlim-məşq toplanışı keçdik. Gündə iki dəfə olmaqla məşqlərimiz oldu, yoldaşlıq görüşlərində qüvvəmizi sınadıq. Məncə, komandanın fiziki gücünü artıra biləcəyi yer Antalyadır. Biz də hazırlıq mərhələsində əsasən fiziki çalışmalara üstünlük verdik. Akademiyaya rəhbərlik edən Ali Yavaşla birlikdə uşaqlarla birlikdə təlim-məşq toplanışında iştirak etdik. İnşallah bunun bəhrəsini oyunlarımızda görəcəyik.

- Təlim-məşq toplanışında iştirak edən uşaqlar ötən il çempion olanlardır, yoxsa yenilər?
- Ötən il bizim komandamızın yarısı 1994-cü il təvəllüdlü idi. Əksəriyyəti burda bizimlə hazırlıq keçdilər. Hazırkı heyətimizdə 1994-1995-ci il təvəllüdlü uşaqlarla oynayırıq. Ötən il çempion olaraq, Antalyada təlim-məşq toplanışında iştirak etmək hüququ qazanan futbolçuların çoxu buradadır. Digərlərinə gəlincə, onlar əvəzedici komandadırlar.

- Hazırlıq dönəmini necə dəyərləndirirsiniz?
- Burada yaxşı hazırlıq keçmək üçün proqram tərtib etdim. Son oyunlarda uşaqların fiziki güclərində zəifləmə olacağını bilirdim. Hətta ikinci oyunumuzda bu enişin olacağını gözləyirdim. Çünki uşaqlar fiziki yükləmələrə hazırlıqlı deyillər. Gözəl təlim-məşq keçmək üçün gündə 2 dəfə məşq keçdik və 3 yoxlama görüşündə qüvvəmizi sınadıq. Təbii ki, bu da uşaqların yüklənmələrinə səbəb oldu. Təlim-məşq toplanışından sonra uşaqlara 2-3 günlük istirahət verəcəyəm. İstirahətdən qayıtdıqdan sonra daha güclü olaraq yaşıl meydanlara dönəcəklər. Bu hazırlıq mərhələsində istədiyimiz nəticəni əldə etdik. Azərbaycanda da fiziki hazırlığımızı davam etdirəcəyik. Bu uşaqları yüksək səviyyəyə çatdırmağa çalışacağıq.

- Uşaqların çoxu ilk dəfə idi bu cür təlim-məşq toplanışında iştirak edirdilər. Davranışları, özlərini aparmaları necə idi?
- Heç bir problem olmadı. Antalya daha çox futbol komandalarının gəldiyi yerdir. Bu hər şeydən əvvəl uşaqların mədəniyyətlərinə, özlərini necə aparmaqlarına və s. məsələlərin inkişafına kömək edir. Misal üçün, digər komandalarla münasibət qururlar. Biri-birlərinə ölkələri haqda məlumat verirlər. Düzdür, bunlar xırda məsələlər olsa da, uşaqların, gənclərin inkişafı üçün böyük işdir. Bu cür təlim-məşq toplanışları peşəkarlığa hazırlıq dövrüdür. Burada dünyanın istənilən ölkəsindən komandalar var. Uşaqlar onların məşqlərini, davranışlarını görərək özləri üçün yeni şeylər öyrənirlər. Bu bir futbol mədəniyyətidir. Şübhəsiz ki, bu, onların özlərini inkişaf etdirmələri baxımından çox əhəmiyyətlidir. Sevindirici haldır ki, Antalyada təlim-məşq toplanışı keçmək bizim komandamıza nəsib oldu.

- Yuxarıda qeyd etdiniz ki, fiziki yükləmələrdən sonra oyunlarda uşaqlarda enişin olacağını gözləyirdiniz. 3 hazırlıq oyunu keçirdiniz və qələbə qazana bilmədiniz. Bunu necə dəyərləndirirsiniz?
- İlk oyunumuzda “Antalyaspor”un U-17 komandası ilə qarşılaşdıq və 2:2 oynadıq. Ondan sonra Moskva “Spartak”ının əvəzedici komandası ilə qarşılaşdıq. Həmin oyun bizim uşaqları çox yordu. Penaltidən vurduqları qolla qələbə qazandılar. Oyunu da Rusiyadan olan hakimlər idarə edirdilər. Bizə görə bu cür oyunlarda nəticə o qədər də vacib deyil. Uşaqlar özlərindən böyüklərlə qarşılaşdıqları üçün həddindən artıq mübarizə apardılar. Sonuncu oyunda isə 0:2 hesabı ilə məğlub olduq. Dediyim kimi, komandamda bu enişi gözləyirdim. Çünki biz əsas üstünlüyü fiziki çalışmalara vermişdik. İnşallah çempionatda möhtəşəm nəticələrə imza atacağıq.

- Yəqin ki, məqsədiniz yenə çempion olmaqdır...
- 1 və ya 2-ci yeri tutmaq o qədər də vacib deyil. Bizim məqsədimiz Azərbaycan futboluna xidmət etməkdir, yeni futbolçular yetişdirməkdir, əsas komandaya oyunçu verməkdir. İnşallah bunu həyata keçirəcəyik. Misal üçün, mənim üçün Azərbaycan milli komandasına, “Qəbələ”nin əsas heyətinə futbolçu verə bilməkdir, nəinki çempion olmaq. Amma çempion olmaq da müəyyən bir məqsədə çatmaq üçün vasitəçi olur. Misal üçün, uşaqları daha da həvəsləndirir.

- Bildiyimizə görə, “Spartak”la oyununuzu yerli menecerlər də izləyib və bəyəndikləri futbolçular olub. Bununla bağlı sizinlə əlaqə quran olubmu?
- Əlbəttə, futbolçularımızı bəyənirlər. Amma bizim belə bir düşüncəmiz yoxdur. Qəbələ Futbol Akademiyası olaraq, ilk məqsədimiz əsas komandamıza futbolçu verməkdir. Bizim menecerlərlə işimiz yoxdur. Düzdür, bəyəndikləri futbolçular oldu. Ancaq ad çəkib indidən həmin uşaqları yandırmaq istəmirəm.

- Hazırkı heyətinizdə gələcəyi parlaq, milli komandada oynaya biləcək səviyyədə futbolçular varmı?
- Təbii ki, var. Əgər belə olmasaydı çalışmazdıq. Ad çəkmək istəmirəm, amma istedadlı, gələcəkdə milli komandanın şərəfini qoruyacaq futbolçular var. Bunun zəmanətini verə bilərəm.

Mənbə: “Futbol dünyası” qəzeti