Azərbaycan çempionu üçün “köstəbəklər”
22.01.2011 - 13:26
Azərbaycan çempionu üçün “köstəbəklər”
Son Azərbaycan çempionu olan “İnter”in oynadığı “Birlik kuboku”nun finalında rəqibi Belarusun “Şaxtyor” klubunun maraqlı ləqəbi var. Apasport.az saytının məlumatına görə, bu illik yaranmasının 50 illik yubileyini qeyd edən Soliqorsk təmsilçisi “köstəbəklər” kimi tanınır. “İnter”in himayədarı isə Azərbaycan Beynəlxalq Bankı olduğundan, 2004-cü ildən bu adı daşıyan komandanı “bankilər”i kimi də qələmə veririk.

“İnter”lə “Şaxtyor”u bağlayan əsas məqam odur ki, hər ikisi 2-ci dəfə “Birlik kuboku”nda iştirak edirlər. Məlum olduğu kimi, “bankirlər” ilk dəfə 2009-cu ildə turnirə qatılaraq, debütdəcə yarımfinala kimi irəliləyə bilmişdilər. Həmin vaxt ukraynalı Valentin Xodukinin çalışdırdığı komanda finalın bir addımlığında Qazaxıstanın “Aktobe” klubuna 0:1 hesabı ilə yenilmiş və bu, onun turnirdə yeganə məğlubiyyəti olmuşdu.

“Şaxtyor”in isə “Birlik kuboku”nda debütü futbol tariximizə qızıl hərflərlə yazılan 2006-cı ildə olub. Ancaq “Neftçi”nin timsalında ilk dəfə qalib olduğumuz həmin turnirə çempion kimi gələn Soliqorsk təmsilçisi qələbə üzünə həsrət qalıb. Belə ki, qrupda keçirdiyi 3 oyunda cəmi 1 xal yığan “Şaxtyor” 3-cü yeri tutaraq, mübarizəni dayandırıb. Ermənistanın “Pünik” klubuna uduzan (0:2) belarusluların yeganə təsəllisi turnirdə ilk xalını qrupdan lider kimi çıxan, finalda “Neftçi”yə yenilən (2:4) Litvanın “Kaunas” klubu ilə oyunda qazanması olub.

Soliqorsk təmsilçisi 2-ci cəhdi uğurlu olaraq, finala kimi irəlilədi. C qrupunda yer alan rəqibimiz 7 xalla 1-ci oldu. O, “Inter”in yarımfinalda darmadağın etdiyi Rusiyanın “Zenit” klubunun əvəzedici heyəti ilə eyni xal (7) toplasa da, topların daha yaxşı fərqinə görə qrup lideri oldu. “Zenit”lə heç-heçə (1:1) edən “Şaxtyor” “Balkan”a (Türkmənistan) 2:1, “Flora”ya (Estoniya) 6:0 hesabı ilə qalib gəldi. Yeri gəlmişkən, hazırkı turnirdə ən böyük hesablı qələbə məhz belaruslulara məxsusdur. İkinci belə nəticəni “İnter” “Zenit”lə yarımfinal oyununda (5:0) göstərdiyindən, finalda ən yaxşı darmadağın edənlər görüşəcək.

“Şaxtyor”un qrupdan sonrakı mərhələlərdə qələbələri eyni hesablı olub. Belə ki, yerli mütəxəssis Vladimir Juravelin çalışdırdığı komanda ¼ finalda Kiyev “Dinamo”sunun əvəzedicilərinə, yarımfinalda Latviyanın “Skonto” klubuna 2:1 hesabı ilə qalib gəldi. “İnter”lə “Şaxtyor” hazırkı “Birlik kuboku”nda uduzmayan yeganə komandalar olsalar da, çempionumuz rəqibindən üstündür. Bu, gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komandanın keçirdiyi 5 oyunun hamısında qalib gəlməsi, ən əsası qapısını toxunulmaz saxlamağıdır. “Şaxtyor” autsayder “Flora” ilə oyunu nəzərə almasaq, qalan 4 oyunun hamısında qol buraxıb.

Qeyd edək ki, əsasən yerli futbolçuların oynadığı “Şaxtyor” bu dəfə “Birlik kuboku”na gümüş medalçı kimi gəlib. Çempion BATE-nin imtinası üzündən Belarus turnirə 2-ci yerin sahibini göndərməli oldu. “İnter” 2 dəfə (2008, 2010), “Şaxtyor” isə 1 dəfə (2005) öz ölkəsinin çempionu olub. Soliqorsk təmsilçisi komandamızdan fərqli ölkə kubokunu qazana bilib (2004-cü il). “Şaxtyor”un kolleksiyasında 4 bürünc medal (2002, 2004, 2006, 2007) da var.

Mehman SÜLEYMANOV