Arif Əsədov: Legionerlərimizin bunu etməməyi qeyri-mümkündür
22.01.2011 - 15:25
Arif Əsədov: Legionerlərimizin bunu etməməyi qeyri-mümkündür
“Vətənlərinə yollanan legionerlərimiz bu müddətdə hazırlıqdan kənarda qalmayacaq. Onlara hələ Antalyada olduğumuz zamanı müvafiq tapşırıqlarımızı vermişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Qış çempionumuz qısa fasilədən sonra bu gün məşqlərini Bakıda bərpa edib. Ancaq komandanın bəzi legionerləri - makedoniyalılar İqor Mitreski, Slavço Georgiyevski, belçikalı Emil Mpenza istirahətdən istifadə edərək, vətənlərinə yollanıb və birbaşa Antalyaya gələcəklər.

Əsədov Bakıda hazırlığa qatılmayan legionerlərin fərdi məşq edəcəklərini bildirib: “Biz hazırlığın ilk mərhələsində fiziki hazırlığa daha çox diqqət yetiririk. Bakıya gəlməyən legionerlərin hər birinə hazırlıq proqramı, “Polor saatı” vermişik. Onlar fiziki məşqlərdə, qaçış zamanı bundan istifadə edəcəklər. Bu zaman nəbz, ürək döyüntülərinə uyğun qaçdığı kilometraja diqqət yetirilir. Legionerlərimiz Antalyaya qayıdandan sonra “Polor saatlar”ındakı yazılara baxacağıq. Bu, onların məşq etdiyini, qaçdığını göstərəcək. Ona görə də legionerlərimizin bunu etməməyi mümkün deyil”.
Qeyd edək ki, “Neftçi” Antalyada ikinci təlim-məşq toplanışına yanvarın 24-də yollanacaq. Bakıya gəlməyən legionerlər yanvarın 23-də axşam orada olacaqlar.

Mehman SÜLEYMANOV