Rusiyada ən uzun ömürlü təmsilçimiz: “Anji”dən “Anji”yə
26.01.2011 - 13:55
Rusiyada ən uzun ömürlü təmsilçimiz: “Anji”dən “Anji”yə
Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev futbol həyatını karyerasında xüsusi yeri olan klubla bağladı. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını yeni bitirən 38 yaşlı Ağayevin rəisi təyin olunduğu “Anji” Rusiyada ilk klubudur.

Futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra ilk milli çempionatımızda “Neftçi”nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanır. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz “Anji”də başlayıb. Müdafiəçimiz 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisidir. Belə ki, Emin sonradan “Torpedo-ZİL” (1999-2001, 70 oyun, 3 qol), “Ximki”də (2002-04, 68, 3), “Baltika” (2004, 11), “Dinamo” (Bryansk, 2005, 20), “Nosta” (2005, 10), “Nara-Desna” (2007, 27), “Volqa”da (2008-10, 90) bu qədər oynamayıb.

20 illik futbolçu karyerasını kapitanı olduğu “Volqa”da bitirən Eminin Rusiyada karyerası daha çox aşağı divizionla bağlıdır. Təsadüfi deyil ki, həmyerlimiz bu ölkənin Premyer Liqasında yalnız 2001-ci ildə “Torpedo-ZİL”in heyətində 11 oyun keçirib. Yeri gəlmişkən, Ağayevin karyerasında uğurlardan biri 2000-ci ildə həmin Moskva təmsilçisinin heyətində Rusiya I divizionunun çempionu olmasıdır. Onun yüksək liqada yeganə çempionluğu 1992-ci ildə “Neftçi” ilə olub.

Daha çox 2-ci divizionda oynayan Ağayev Rusiya çempionatında ümumilikdə 481 görüşdə (18 qol) meydana çıxıb. Bununla da Emini həmin ölkədə ən çox oyun keçirən legioner saymaq olar. O, Rusiyanın I divizionunda 224, II dəstəsində 146 oyun keçirib. Əslində həmyerlimiz uzun illər yaşadığı Rusiyanın vətəndaşlığını qəbul etdiyindən, orada yerli futbolçu statusu daşıyırdı. Moskvada evi olan Emin karyerasının son illərində Ukraynanın paytaxtı Kiyevdə məşqçilik kursunu bitirərək, A kateqoriyasına sahib olub.

Vətəndə “Neftçi” ilə yanaşı, “Olimpik”in heyətində yer alan Ağayev cəmi 6 ay oynadı. 2006/07 mövsümünün ilk yarısından sonra Rusiyaya qayıdan Emin milli komandamızda 65 oyuna 1 qol vurub. O, uzun müddət seçmə mərhələlərdə ən çox oyun keçirən futbolçu idi.

2000-də “Futbol+” qəzetinin sorğusuna əsasən ilin ən yaxşı futbolçusu seçilən Emin “Anji”də oan yaxşı tanış insanların yanına gedib. Belə ki, o, vaxtilə “Anji”də elə indi də baş məşqçi olan Hacı Hacıyevin rəhbərliyi altında oynayıb. Hacıyevin özünə yeni köməkçisi götürdüyü Vaqif Sadıqov milli komandamızda Eminin baş məşqçisi idi. “Anji”də bir ildir oynayan Mahir Şükürov isə Ağayevin millimizdə komanda yoldaşı olub.

Mehman SÜLEYMANOV