Yuri Bakalov: “Neftçi” texnikalı, sürətli oyun nümayiş etdirir
27.01.2011 - 09:50
Yuri Bakalov: “Neftçi” texnikalı, sürətli oyun nümayiş etdirir
“Bu gün iki fərqli hissə izlədik. Birinci hissədə “Neftçi” daha çox hücumda olurdusa, fasilədən sonra təzyiqi artırıb, tədricən mübarizəni bərabərləşdirdik. Hətta buraxılan qollardan birinin əvəzini də çıxa bildik”. Apasport.az-ın məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun rəsmi saytına açıqlamasında Ukrayna “Arsenal”ının baş məşqçisi Yuri Bakalov deyib.

Onun rəhbərlik etdiyi komanda Antalyada keçirilən yoxlama matçında Arif Əsədovun yetirmələrinə 1:2 hesabı ilə uduzub. Bakalov “Neftçi”nin güclü olduğunu vurğulayıb: “Etiraf edək ki, “Neftçi” güclü klubdur. Komanda yaxşı təşkilatlanıb, texnikalı, sürətli oyun nümayiş etdirir. Amma nəzərə almaq lazımdır ki, indi biz hazırlığın müxtəlif mərhələlərindəyik. Əgər “Neftçi” əsas hazırlıq mərhələsindədirsə, bu, bizim ilk təlim-məşq toplanışımızdır. Hər halda, maraqlı oyun oldu. “Neftçi”yə qarşıdakı yarışlarda uğurlar arzulayıram”.

Xatırladaq ki, “Neftçi” Antalyada ilk hazırlıq mərhələsində Rusiyanın I divizion təmsilçisi “OİK-Enerji” ilə heç-heçə (1:1) etmişdi.