Nodar Məmmədov: Ən çətin oyunlar bizim iştirakımızla baş tutacaq
28.01.2011 - 00:03
Nodar Məmmədov: Ən çətin oyunlar bizim iştirakımızla baş tutacaq
“Hər şey qaydasında davam edir. Gündə 2 dəfə olmaqla, hazırlığımızı həyata keçiririk. Səhər məşqində fiziki güc, axşam çalışmasında isə taktiki təmrinlər üzərində işləyirik. Hərdən taktiki məşqlərə də yer verilir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Nodar Məmmədov deyib.

Unibank Premyer Liqasının əksər klublarından fərqli, təlim-məşq toplanışına bir qədər gec start verən “Qəbələ” hazırlığını Antalyada davam etdirir. Hələ istirahətə buraxılan zaman baş məşqçi Toni Adams tərəfindən futbolçulara hazırlıq proqramı təqdim edilmişdi. Bunun nəticəsidir ki, oyunçular düşərgəyə hazır qayıdıblar: “Fasilə zamanı boş oturmamışıq. Baş məşqçi hər bir futbolçuya istirahət vaxtı fərdi qaydada çalışmaq üçün proqram vermişdi. Biz də onun əsasında gündə məşq edirdik. Fiziki formam yerindədir. Ancaq 1-2 kiloqram artıq çəkim var. İnşallah, toplanış vaxtı bunu aradan qaldıracam”.

Düşərgədə yeni oyunçuların olmasına da toxunan müdafiəçi elə Koreyanın “Yonsel” komandası ilə keçirilən yoxlama oyunundakı məğlubiyyəti bununla izah edib: “Transfer pəncərəsi”nin açılmasından istifadə edən məşqçilər korpusu bəzi mövqeləri gücləndirmək istəyir. Bu məqsədlə də baxışa bir neçə futbolçu dəvət edilib. Amma onlardan hansının komandaya götürüləcəyi barədə baş məşqçi qərar verəcək. Baxışa dəvət edilən futbolçuların çoxluq təşkil etməsi “Yonsel”lə matçda da sözünü dedi. Həmin oyunda baş məşqçi əsasən baxışa gələn futbolçuları yoxlamağa çalışdı. Nəticədə 1:3 hesabı ilə məğlub olduq. Təbii ki, baxışa gələnlərə daha çox şans verilməsi yenilgidə mühüm rol oynadı. Komanda məşqləri qısa müddətdir bərpa etsə də, oynamağa tam hazır idi. Birinci hissədə komandanın öz oyunçuları oynadı və fasiləyə 1:1 hesabı ilə yollandıq. İkinci hissədə yeni gələnlər meydana çıxdılar”.

Fasilədən sonra Premyer Liqanın əsas mərhələsi çərçivəsində keçiriləcək oyunlar barədə də danışan Məmmədov işlərinin çətin olduğunu etiraf edib: “İndi asan rəqib yoxdur. Sonuncu pillədə yer alan komanda iddialı ilə başabaş mübarizə aparır. O ki qaldı iddialı klublar özləri üz-üzə gələ. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana qələbə qazanmaq və əzmkar oyun sərgiləmək üçün çıxacağıq. Açığını deyim, ən çətin oyunlar bizim iştirakımızla baş tutacaq. Üç oyunun çox çətin keçəcəyini düşünürəm”.