Hacı Hacıyev Vaqif Sadıqovu seçməsinin səbəbini açıqladı
28.01.2011 - 10:46
Hacı Hacıyev Vaqif Sadıqovu seçməsinin səbəbini açıqladı
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev Vaqif Sadıqovla birgə çalışmasına münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, Hacıyev ukraynalı Andrey Qusinin Kiyevin “Dinamo” klubuna qayıdışından sonra vakant qalan köməkçisi vəzifəsinə Sadıqovu gətirib. Yığmamızın və “Neftçi”nin sabiq baş məşqçisi uzun illərdir tanıyan dağıstanlı mütəxəssis seçimini belə izah edib: “Ona görə ki, Sadıqov yaxşı peşəkar məşqçi səviyyəsinə uyğun gəlir. O, təcrübəli, işini bilən mütəxəssisdir. Sadıqov Azərbaycan yığmasını, ölkəsinin yüksək liqa klublarını çalışdırıb, SSRİ çempionatının güclülər dəstəsində oynayıb”.

Qeyd edək ki, ötən il martında “Neftçi”dən gedəndən sonra işsiz qalan 52 yaşlı Sadıqov “Anji”nin Türkiyədəki hazırlığına qatılıb. O, millimizdə rəhbərliyi altında oynayan Mahir Şükürovla Mahaçqala təmsilçisində birgə çalışmağa başlayıb.