“Zirvədəki yerimizi qoruyub, qızıl medallara qovuşmalıyıq”
28.01.2011 - 14:36
“Zirvədəki yerimizi qoruyub, qızıl medallara qovuşmalıyıq”
"Təlim-məşq toplanışında hər şey qaydasındadır. Hazırlıq çox yaxşı gedir. Sevindirici haldır ki, komandada zədəli futbolçu yoxdur. Buna görə də əhval-ruhiyyəmiz daha yüksəkdir". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun futbolçusu Mirhüseyn Seyidov deyib.

Gənc yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Türkiyənin Antalya şəhərində şəhərində keçirilən təlim-məşq toplanışı barədə danışıb: "Burada artıq bir yoxlama matçına da çıxmışıq. Ukrayna "Arsenal"ı heç də zəif rəqib deyildi. Hazırlıq matçı olsa da, çox yaxşı oynadıq. "Neftçi"nin çoxlu üstünlükləri var. Yeni rəhbərliyin gəlişindən sonra komandada yeni mühit yaranıb. İndi flaqmanda birlik var. Təkcə məşqdə deyil, meydançadan kənarda da kollektivçilik, birlik nümayiş etdiririk. "Neftçi"də gənc oyunçular da var, təcrübəlilər də. Elə yaxşı mühit yaranıb ki, çox gənc olmağımıza rəğmən, bizdən böyüklər sıxılmağımıza imkan vermirlər. Bir sözlə, hər şey əladır".

Seyidov bildirib ki, "ağ-qaralar" çempion olmağa qadirdır: "Birinci dövrəyə də belə həvəslə hazırlaşmışdıq. Nəticədə qış fasiləsinə ilk pillədə yollandıq. İndi məsuliyyətimiz ikiqat artıb. Çünki çempionatın davamında zirvədəki yerimizi qoruyub, qızıl medallara qovuşmalıyıq. Sağ olsunlar azarkeşlər, Premyer Liqanın ilk hissəsində bizə böyük dəstək göstərdilər. Onlara səslənib demək istəyirəm ki, "altılıq" oyunlarında da "Neftçi"yə dəstəklərini davam etdirsinlər və çempionluğu birgə bayram edək".