“Turan”ın sabiq məşqçisindən qiymət: Köhnə hamam, köhnə tas
28.01.2011 - 15:10
“Turan”ın sabiq məşqçisindən qiymət: Köhnə hamam, köhnə tas
“Milli komandamızın kapitanı Rəşad Sadıqov yaxşı tanıdığım, bəyəndiyim futbolçudur. Ancaq “Əskişəhərpsor”un müdafiəçisi ilə Türkiyədə görüşməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun sabiq məşqçisi Səlahəttin Dərvənt deyib. Ölkəmizdə il yarım çalışan türkiyəli mütəxəssisin sözlərinə görə, Azərbaycan yığmasının ötən ilin oktyabrında Bakıdakı rəsmi oyunda Türkiyə millisinə qalib gəlməsi vətənində böyük əks-səda doğurub: “Bu görüşdə yığmanızın qalib gələcəyini, hətta hesabın 1:0 nəticələnəcəyini demişdim. Rəşadın vurduğu qol gözəl alındı. Künc zərbəsindən sonra vurulan bu qol mənə Azərbaycandan tanışdır. Yığmamız bu məğlubiyyətdən dərs almalı, Türkiyə futbolu adına önəmli nəticə çıxartmalıdır. Ancaq mənim şəxsi baxışa görə hələ bu dərs çıxarılmış deyil. Necə deyərlər, köhnə hamam, köhnə tas. Bu, davam etməkdədir”.

Maraqlıdır, Dərvənt “köhnə hamam, köhnə tas” deyəndə konkret nəyi nəzərdə tutur? “Baş məşqçilər arasında ayrıseçkilik, gənc, inkişafa açıq mütəxəssislərin mütəxəssislərə işlə təmin olunmasına imkanların yaradılmamağı, get-gəllər, əcnəbi transfer problemləri və s. Türkiyə futbolu federasiya rəhbərliyinin daha planlı, proqramlı işi sayəsində inkişafa yaxalaya bilər”.

Türkiyə qardaş ölkə saydığı Azərbaycandan çox az futbolçu götürürlər. Bu, futbolçularımızın səviyyəsi ilə bağlı olsa da, Dərvənt Türkiyədə legionerlərlə bağlı limitin təsir etdiyini söyləyir: “Yalnız Bank Asiya I divizionda 2 azərbaycanlı futbolçu legioner sayılmayaraq, yerli oyunçu statusu daşıyır. Bu, Türk cümhuriyyətindən olan futbolçulara güzəştlə bağlıdır. Klublar Braziliya, İspaniya kimi dünyanın tanınmış ölkələrində futbolçular gətirməkdə maraqlıdırlar. Azərbaycan futbolu hələ o səviyyəyə çatmadığından, qarşısına çıxan maneələri aşa bilmir”.

Çalışdırıcı hesab edir ki, vətənində futbolçularımızı daha yaxından tanımırlar: “Tanısalar, vəziyyət başqa cürə olardı. Ən azı Bakıda oyunda yığmanızdan elə qolu buraxmazdılar. Azərbaycan millisinin 2005-ci ildə İngiltərə yığması ilə səfərdəki oyununun videoyazısı məndə var. Yığmanızın hələ o görüşdə künc zərbəsindən belə qol vurmaq imkanı vardı. Azərbaycanlı futbolçu belə ev tapşırığından qol vura bilməsi ilə maraqlansaydılar, bunu bilərdilər. Deməli, Azərbaycan futbolunu yaxşı tanımırlar”.

Mehman SÜLEYMANOV