“Rəşad Sadıqov bəyəndiyim futbolçudur və ona uğurlar arzulayıram”
28.01.2011 - 16:28
“Rəşad Sadıqov bəyəndiyim futbolçudur və ona uğurlar arzulayıram”
Tovuzun “Turan” klubunun türkiyəli sabiq məşqçisi Səlahəttin Dərvəntin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

-İndi harada çalışırsınız?
-Hazırda peşəkar klubda çalışmıram. Ancaq hər dövrələr, mövsümlərarası fasilədə menecerlər vasitəsilə danışıqlar apardığım bir neçə klub var. Ancaq hələ ki dəqiq bir şey yoxdur. Danışıqların nəticəsini gözləyirəm. Ümid edirəm ki, uğurla nəticələnəcək.

-Neçə müddətdir işsizsiniz?
-6 ay.

-Son klubunuz hansı olub?
-Türkiyənin 2-ci divizionunda “Turqustpor” klubu. O, doğma məmləkətimin təmsilçisidir.

-Baş məşqçi idiniz?
-Əlbəttə. Mən baş məşqçiyəm.

-Ancaq “Turan”da həmyerliniz Naci Şensoyun köməkçisi idiniz. Sonra onun gedişindən sonra baş məşqçi postuna keçdiniz...
-Doğrudur. Ölkə xaricində işləməyim üçün belə variant oldu. Mənin da Azərbaycanda özümü tanıtmağım üçün addım atmağım lazım idi. Mən də həmin vaxt “Turan”a köməkçi məşqçi gəlmək təklifini dəyərləndirdim. Bunun nəticəsini sonradan gördüm. Bir müddət “Turan”ın baş məşqçisi oldum. Türkiyə Futbol Federasiyasının Antalyada məşqçilər üçün təşkil etdiyi seminarda iştirak etdim. Bu, 2 ildən bir keçirilir. Türkiyədəki çalışdırıcılar bu seminara qatılmağa məcburdurlar. Bu, klubla müqavilə bağlayan vacib şərtdir. Belə seminarlar məşqçilərin təkmilləşməsi baxımından çox faydalıdır. Ötən yay keçirilən dünya çempionatı seminarda müzakirələrin əsas mövzularından oldu. Türkiyə Futbol Federasiyası FİFA və UEFA-dan aldığı tövsiyələrlə bağlı seminarına qatılan çalışdırıcıları məlumatlandırır.

-Çoxlu klublarımız Antalyada hazırlıq keçir. Onların hansının düşərgəsinə baş çəkmisiniz?
-Mən “Neftçi”nin bura gəldiyini gördüm, onları qarşıladım, “xoş gəldin” dedim. Komandanın futbolçularının yanına getdim, yenilərlə tanış oldum. “Neftçi”nin futbolçusu Cavid Hüseynovu yaxşı tanıyıram. O, bizim vaxtda “Turan”da oynayırdı. “Qarabağ”ın Belekdə qaldığı oteli öyrəndim, düşərgəsinə baş çəkdim. Baş məşqçimiz Qurbanov, futbolçularla, o vaxt “Turan”da həkimimiz olan Sədəddin Məmmədovla görüşdüm. “Qarabağ”dan çox futbolçuları tanıyıram. Afrandil Hacıyev, Elvin Məmmədov, Ayxan Abbasov “Turan”da rəhbərliyimiz altında oynayıblar. Rəqib də olsalar, hamımız dostlarımızdır, eyni məsləkdaşıq.

-Azərbaycanda işlədiyiniz dövrü necə xatırlayırsınız?
-Mən “Turan”da ilk yarım çalışdım. Azərbaycanda çox gözəl xatirələrim qalıb. Mən ölkənizi çox sevirəm. Azərbaycanda olan bütün insanlar qardaşlarımızdır. Həm Türkiyə, həm də Azərbaycan bizim üçün doğma məkandır. Məmləkətləri fərqləndirmirik.

-Yenidən ölkəmizdə işləmək istərdiniz?
-Təbii ki. Mən peşəkar mütəxəssis kimi ölkənizdə sevə-sevə çalışdım. Oradakı işimdən zövq alırdım.

-Azərbaycandan sonradan təkliflərinin olub?
-Deyə bilmərəm ki, olmayıb. Ancaq bu iş qismətlə bağlıdır. Azərbaycandan getdiyim gündən indiyə kimi təkliflər aldım və yenidən işləmək istərdim. Amma anlaşmaq başqa bir şeydir. Bu, Allahın əlindədir.

-Hansı klublarımızdan təkliflər oldu? “Turan”a qayıtmaq variantı oldumu?
-Bəli. “Turan”dan dəfələrlə təklif aldım. Klub prezidenti Musa Süleymanovla bəzi məsələlərlə bağlı danışığımız olub. Komandanın rəisi İman Həsənovla da söhbətləşmişəm.

-Bunlar nə vaxt olub?
-Musa Süleymanov “Turan”ın prezident postuna gələndən, yəni 2009-cu ildən bu yana. O, gəldiyi ilk vaxtlarla danışmışdıq.

-Bu müddətdə ölkəmizə gəlmisiniz?
-Yox, telefonla danışığımız olub.

-Bəs niyə “Turan”a qayıtmaq variantını dəyərləndirmədiniz?
-Belə deyim ki, Süleymanovun o vaxt “Turan”ın baş məşqçisi Nizami Sadıqovu söz vermişdi. Eyni zamanda Tovuzda yaşayan bəzi insanlar mənim baş məşqçi vəzifəsinə gəlməyimi təklif etmişdi. Bununla əlaqədar dəyərləndirmə olub. Mən təklifə görə təşəkkür etdim, mənə göstərilən diqqət üçün çox şad olduğumu söylədim. Ancaq “madam ki, Sadıqova sözünüz var, mən gəlmərəm” dedim. Nizami mənim dostumdur. Onunla “Turan”da birgə çalışmışıq. Rəqabətə girib, baş məşqçi ola-ola özümün gəlməsinin istəmədim.

-Ancaq ötən yay Sadıqov getdi, “Turan”da baş məşqçi postu boş qaldı, Sakit Alıyev sonradan bu postu tutdu...
-Doğrudur. Ancaq həmin vaxt münasib vaxt deyildi. Mövsüm başlayırdı. Çempionatın ortasında komandanı götürəndə vəzifəni yerinə yetirmək çətindir. Ancaq mövsüm öncəsi iş başına keçəndə hədəflər olur və buna nail olmağa çalışırsan. Bu müddətdə komandanı qurur, istədiyin futbolçuları alırsan. Ancaq hədəflərdən uzaqlaşandan sonra yeni addımlar atmaq bəzən cəsarət istəyir. O cəsarəti çox komandalar göstərmir. Yəni bu mövsümü bitirək, güclülər dəstəsində qalaq, növbəti çempionat üçünsə yetərincə işlər görək, transferlər reallaşdırıb, yaxşı hazırlaşaq və məqsədimizə çatmağa çalışaq. Ancaq bəzi prinsipləri ortaya qoyurlar və buna görə iş alınmır.

-Hazırkı qış fasiləsində “Turan”ın baş məşqçi postuna Şensoy qayıtdı. Buna münasibətinizi bildirməyini istərdik...
-Təbii ki, bu təyinatı eşitdim. Nə deyəm, xeyirli olsun. Onsuz da mən Azərbaycan futbolunda baş verənləri, televiziyadakı oyunları izləyirəm. “Turan”ın, Azərbaycan futbolunun uğurları məni hər zaman şad edər.

-Ancaq onu nəzərə alaq ki, köməkçisi olduğunuz Şensoyla probleminiz olmuşdu...
-Ola bilər. Ancaq bunları danışmağa dəyməz.

-Milli komandamızın kapitanı, sizə yaxşı tanış olan Rəşad Sadıqov yenidən Superliqada oynayır. “Əskişəhərspor”un futbolçusu ilə Türkiyədə görüşə bilmisiniz?
-Yox. Ancaq Rəşad bəyəndiyim futbolçudur və ona uğurlar arzulayıram.

-Ümumiyyətlə, Türkiyədə Azərbaycan futbolu haqda nə fikirdədirlər?
-Azərbaycanın Türkiyəyə qalib gəlməsi böyük əks-səda doğurdu. Yığmamız bu məğlubiyyətdən dərs almalı, Türkiyə futbolu adına önəmli nəticə çıxartmalıdır. Ancaq mənim şəxsi fikirlərimə görə hələ bu dərs çıxarılmış deyil. Necə deyərlər, köhnə hamam, köhnə tas. Bu, davam etməkdədir.