“İnter” rusiyalı futbolçulardan imtina etdi
28.01.2011 - 18:56
“İnter” rusiyalı futbolçulardan imtina etdi
Bakının “İnter” klubu “Birlik kuboku”nda heyətində olan rusiyalı legionerlərin xidmətində maraqlı olmayıb. Apasport.az saytının məlumatına görə, komandamız qalibi olduğun Sankt-Peterburqdakı turnirdə baxışda olan müdafiəçi Aleksandr Stepanovla yarımmüdafiəçi Sergey Yeqorovdan imtina etməyi qərara alıb.

Yeqorov sonradan da olsa mütəmadi meydana çıxdığı “Birlik kuboku”nda debütdə Qırğızıstanın “Neftçi” klubuna böyük hesabla qalib gəldiyi oyunda (3:0) qol vurdu. Solaxay Yeqorov xarici görünüşünə, oyun üslubuna görə ötən yay “İnter”dən “Qarabağ”a keçən latviyalı sol cinah yarımmüdafiəçisi Andrey Rubini xatırlatsa da, səviyyəcə ondan xeyli geri qalır. Rusiyada “İnter”ə qatılan Stepanov isə yalnız Moldovanın “İskra-Stal” klubu ilə oyunda (1:0) ilk 45 dəqiqədə meydanda olub.

“İnter” həm xeyli legioneri olduğunu, həm də gələn mövsümdə Premyer Liqamızda legioner limitinin azaldılmasının mümkünlüyü nəzərə alınaraq, səviyyəsi yüksək olmayan əcnəbiləri almaqda maraqlı deyil. Bu üzdən Türkiyənin Antalya şəhərində 2-ci hazırlıq mərhələsinə başlayan çempionumuz rusiyalı legionerləri saxlamağı lazım bilməyib.