“Real”&“Barselona”: 21 ildən sonra üz-üzə
03.02.2011 - 12:58
“Real”&“Barselona”: 21 ildən sonra üz-üzə
Əzəli rəqiblər olan “Barselona” və “Real” 21 illik fasilədən sonra yenə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, “El Klassiko”nun iştirakçıları sonuncu dəfə ölkə kubokunun finalında 1990-cı ildə üzləşiblər. Həmin vaxt katalonlar 2:0 hesabı ilə qalib gəliblər.

Ümumiyyətlə, prinsipial rəqiblər ölkə kubokunun finalında 5-ci dəfə görüşəcəklər. İlk 2 finalda “Real” üstün olub. Belə ki, 1936-cı ildə “Barselona” 1:2, 74-cü ildə 0:4 hesabı ilə uduzub. Ancaq “Barsa” bundan sonra qələbələri bayram edib. Kataloniya təmsilçisi 1983-cü ildə 2:1, 90-cı ildə 2:0 hesabı ilə qalib gəlib.

Göründüyü kimi, barışmaz rəqiblər hərəyə 2 dəfə qələbə qazanıb. “Barselona” sonuncu dəfə ölkə kubokunu 2009-da qazanıbsa, “Real” 93-dən bəri buna həsrət qalıb. Budəfəki final aprelin 20-də Valensiyada keçiriləcək. Maraqlıdır ki, növbəti “El Klasssiko” da apreldə, finaldan 3 gün öncə Madriddə olacaq.

Qeyd edək ki, “Barselona” yarımfinalda “Almeriya”nı (5:0 və 3:0), “Real” “Sevilya”nı (1:0 və 2:0) qol buraxmadan yenib.