Mirça Rednik bəyənmədi, “Çelsi” 22 milyon avro verir
04.02.2011 - 17:24
Mirça Rednik bəyənmədi, “Çelsi” 22 milyon avro verir
İspaniya yığmasının futbolçusu Fernando Torresi transfer edən İngiltərənin “Çelsi” klubu heyətinə daha bir hücumçu qatmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, londonlular Kot d’İvuar millisinin üzvü Seydu Dumbiyanı sıralarına qatmaq fikrinə düşüblər.

“Çelsi” Rusiya MOİK-ində oynayan 24 yaşlı hücumçu üçün 22 milyon avro ödəməyə hazırdır. Moskva təmsilçisi aparıcı futbolçusu ilə vidalaşmağa tələsmədiyi üçün yay “transfer pəncərəsi”nə qədər götür-qoy etmək imkanına malikdir.

Rumıniya mətbuatı isə qiyməti günü-gündən qalxan afrikalının Mirça Redniklə yollarının kəsişməsini xatırladıb. 2008-ci ilin yayında 3 illik Yaponiya karyerasını bitirib, Avropaya gələn Dumbiya öncə Rumıniyaya üz tutub. O vaxt Rednikin çalışdırdığı “Rapid”ə baxışa gələn gənc Seydu bir müddət Buxarestdə qalıb, Portuqaliya toplanışında olan komandanı gözləyib.

Vətənə döndükdən sonra Rednik artıq bəyəndiyi İbrahim Salou ilə Dumbiya arasında seçim etməli olub. Sonuncu məşqçinin xoşuna gəlsə belə, Rednik sınadığı İbrahimə üstünlük verib. Dumbiya isə İsveçrənin “Yanq Boyz” klubuna keçib orada parladıqdan sonra 15 milyon avroya MOİK-ə transfer edilib.