Yığmamızın kapitanı: Çatışmayan cəhətlərimiz var
05.02.2011 - 00:03
Yığmamızın kapitanı: Çatışmayan cəhətlərimiz var
“Əsas məqsədimiz fevralın sonunda keçiriləcək Avropa çempionatının final mərhələsinə tam hazır formada olmaqdır. Məsul yarış öncəsi bu turnir bizim üçün sınaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığmasının kapitanı Rizvan Fərzəliyev deyib.

Təcrübəli oyunçu IV Bakı Beynəlxalq Futzal Turnirində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarını bildirib: “Rəqiblərə gəlincə, Özbəkistan millisi ilə qarşılaşmışıq. Daşkənddə keçirdiyimiz 2 oyunun biri heç-heçə başa çatmış, digərində uduzmuşduq. Yəni kifayət qədər güclü rəqibdir. Ukrayna millisi ilə isə Macarıstanda Avropa çempionatının final mərhələsində qarşılaşmışıq. Penalti seriyalarında onları məğlub etmişdik. Bizim əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələ oyunlarında nəticə əldə edərək, final mərhələsinə vəsiqə qazanmaqdır. Heyətimizin tam hazır olduğunu deyə bilmərəm. Çatışmayan cəhətlərimiz var. Məhz bu turnirdə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

“Araz” klubunun heyətində çempionluqları sıralayan Rizvan yığmanın çatışmayan cəhətləri haqda danışıb: “İndiki heyət demək olar ki, 6-7 aydan artıqdır birlikdə oynamır. Tyaqo Rodriqes, Maşado Dos Santos və Serjio Luis necə vaxtdır bizimlə deyillər. Əgər əvvəlki heyət kimi bir klubda qalsaydıq, məncə, daha yaxşı olardı. Ancaq onlar legioner həyatı yaşayırlar və təlim-məşq toplanışı zamanı məşqlərdə iştirak edirlər. Bundan əlavə, heyətə “Neftçi” və “Ekol” klublarından yeni oyunçular dəvət olunublar. Fevralın sonuna qədər xeyli vaxt var. Seçmə mərhələnin oyunlarınadək zəif cəhətləri aradan qaldıracağıq”.

Fərzəliyev Avropa çempionatının seçmə mərhələlərində həqiqətən güclü rəqiblərlə düşdüklərinin söyləyib: “İspaniya millisi son Avropa çempionlarıdır. Təbii ki, seçmə mərhələnin Bakıda keçirilməsi bizim üçün üstünlükdür. İnanıram ki, azarkeşlər bizi sonacan dəstəkləyəcəklər. Mən qrupdan çıxmaq şansımızı 50-50-yə dəyərləndirirəm. Bildiyiniz kimi, qrupdan iki komanda final mərhələsinə vəsiqə qazanacaq. Qrup birincisi olmasaq da, ikinci kimi finala vəsiqə qazanacağımızı düşünürəm”.
Qeyd edək ki, futzal yığması sabah startı veriləcək Bakı turnirində ilk olaraq Özbəkistan, fevralın 6-da Latviya, 8-də Ukrayna ilə görüşəcək.