Milli komanda, Polis Akademiyası və alicənab kapitan
07.02.2011 - 21:21
Milli komanda, Polis Akademiyası və alicənab kapitan
Azərbaycan millisi Polis Akademiyasının Bələdiyyə stadionu hazırlaşır. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, yanvarın 27-dən burada təlim-məşq toplanışında olan yığmamız bu gün axşam məşqini adıçəkilən arenada keçirib.

Futbolçular 2 saat davam edən məşqi yaxşı qazona malik meydançada keçmək imkanına malik olub. Millimizin sabah saat 17:00-da mətbuat üçün açıq məşqinin də məhz orada keçirilməsi nəzərdə tutulub. Səhər məşqlərimiz isə Birləşmiş Ərəb Əmirliklərinin “Ə-Nasir” klubunun eyni adlı stadionunda keçirilir. Yaxşı qazona malik həmin arena da yığmamızın qaldığı beş ulduzlu “Movenpick” otelinə yaxın olduğundan, uzaq yol qət etməyə ehtiyac qalmır.

Elə Dubayda qaldığımız “Splendid” oteli millimizin məskunlaşdığı “Movenpick” otelinə yaxın olduğundan, ora getmək üçün çox vaxt sərf etmək lazım deyildi. Düzdür, millimizlə bağlı bütün işlər – baş məşqçi Berti Foqtsun mətbuat konfransı və mətbuat üçün açıq məşq sabah olduğundan, bu gün düşərgəyə gəlməyin zəruri olmadığı deyilirdi. Ancaq ən azı peşə borcumuz, işin peşəkarlığı başqa şeydən xəbər verirdi. Necə ola bilər ki, o boyda yolu qət edib, Dubaya gələsən, millinin otelinin yaxınlığında qalasan, ora baş çəkməyəsən...

Bəndəniz həmkarları ilə birgə “Movenpick”ə çatanda, otelin işçisindən millimizin bir müddət öncə məşqə getdiyini öyrəndi. Belə olan halda, otelin foyesində millimizi gözləməyi lazım bildik. 20 dəqiqə keçmiş millimiz otelə daxil oldu və sanki jurnalistləri görən Foqts futbolçuları otaqlarına yola salaraq, sonda özü də yuxarı çıxdı. Əlbəttə, millimizin üzvləri ilə söhbətləşmək istəyimiz çox idi və onların yanına gəlişimizin əsas məqsədi də bu idi. Bizləri görərək, ayaq saxlayan, görüşən kapitan Rəşad Sadıqovun fikirlərini öyrənməyə cəhd etdik. Rəşadın özü bunda problem görmədi, sadəcə, bu günə danışmağa icazə olmadığından, sabahı gözləməli olacağıq. Yəni jurnalistlərə Foqtsun mətbuat konfransında və açıq məşqdə söhbətləşməyə imkan yaradılacağından, hər şey o vaxta qaldı.

Sevindirici hal odur ki, millimiz zədəli futbolçular yoxdur və düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür. Hərçənd Dubayda 4 futbolçumuz – Saşa Yunisoğlu (“Qəbələ”), Amit Quluzadə (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”) və Əziz Quliyev zədə üzündən, millinin hazırlığından kənarlaşdırıldı. Gündə 2 dəfə olmaqla məşq edən futbolçularımız saat 23:00-da yatırlar.

Mehman SÜLEYMANOV