Braziliyalı futbolçu güllələndi
08.02.2011 - 10:39
Braziliyalı futbolçu güllələndi
Braziliya futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, icarə əsasında “Atletiko Mineyro”da forma geyinən Villyam Morays soyğunçular tərəfindən güllələnib.

Quldurlar 19 yaşlı futbolçuya yaxınlaşaraq avtomobilini istəsələr də, o bunu verməkdən imtina edib. Soyğunçular isə bunun cavabını özlərinə xas şəkildə veriblər: Moraysı kürəyindən güllələyiblər.

Müqavilə ilə “Korintians”a məxsus olan futbolçunun ölümü onu tanıyanları şoka salıb. Onu gələcəyin ulduzu adlandıran “Korintians” prezidenti Andres Sançes bundan təəssüf hissi keçirdiyini bildirib: “Əla futbolçu idi. Gələcəyi olduqca parlaq olan Moraysın həyatını belə faciəli şəkildə itirməsi hamımızı kədərləndirdi”.

Soyğunçuların gülləsinə tuş gələn gənc ulduzun ölümü komanda yoldaşı Ronaldonu da kədərləndirib: “Hələ 19 yaşında olan Moraysı belə tez itirməyimiz çox pis oldu. İnanılmaz qabiliyyəti olan futbolçunun güllənməsini eşitdikdə bu mənim üçün daha ağır zərbə oldu”.

Qeyd edək ki, polis artıq quldurların izinə düşüb və 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.