“Heç rəsmi oyunlarımıza 300 azarkeş gəlmirdi”
08.02.2011 - 13:08
“Heç rəsmi oyunlarımıza 300 azarkeş gəlmirdi”
“Fasilədən maksimum istifadə etdik. Hazırda yenə toplanışdayıq. Həftəsonu “Gəncə” ilə keçirəcəyimiz oyuna hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Aqil Nəbiyev deyib.

Cari mövsümdə uğurlu çıxışı ilə yadda qalan paytaxt təmsilçisinin məqsədi finişə mükafatçılar sırasında çatmaqdır. Bunu nəzərə alan “təyyarəçilər” qış fasiləsindən maksimum yararlanıb. Təlim-məşq toplanışı ilə yanaşı, AZAL heyəti də gücləndirmək üçün transferlər həyata keçirib. Artıq şənbə günü baş tutacaq oyuna köklənən Bakı təmsilçisi I dövrədəki heç-heçənin təsadüfi olduğunu sübut etməyə çalışacaq: “3 xal qazansaq, ilk “altılıq”dakı yerimizi 95 faiz təmin etmiş olacağıq. Ümumiyyətlə, qarşıdakı 3 oyunun hamısı çətin keçəcək. Ancaq biz buna hazırıq”.

Dünən axşam məşqini klubun Şüvələnda inşa edilən stadionunda həyata keçirən AZAL azarkeşlərin marağı ilə qarşılaşıb. Belə ki, paytaxt təmsilçisinin hazırlıq prosesini təxminən 300 fanat izləyib. Nəbiyev bunun komandada ruh yüksəkliyi yaratdığını söyləyib: “Azarkeşlərin axşam məşqinə böyük maraq göstərməsi sevindirici idi. Heç rəsmi oyunlarımıza bu qədər azarkeş gəlmirdi. Təbii ki, bu ruh yüksəkliyi yaratdı. İnşallah, ev oyunlarımızı Şüvəlanda keçirən zaman stadion dolu olacaq”.

Son transferlərə gəldikdə, kapitanın bu haqda danışmağın erkən olduğunu vurğulayıb: “Yeni oyunçuları məşqçilər bəyənib. Yəqin ki, xeyir verəcəklər. Bunu oyunlar zamanı görəcəyik”.
0