Berti Foqts futbolçulara irad tutdu
08.02.2011 - 13:25
Berti Foqts futbolçulara irad tutdu
Birləşmiş Ərəb Əmirliklərində hazırlıq keçən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına məlumatına görə, almaniyalı mütəxəssis yanvarın 27-dən başlayan təlim-məşq toplanışında yaradılan şəraitdən razılığını bildirib.

Bunun üçün AFFA rəhbərliyinə və təşkilatçılara minnətdarlıq edən Foqtsun narazılığı futbolçularla bağlı oldu: “Futbolçular başa düşməlidirlər ki, onlar ölkə çempionatına yox, beynəlxalq oyunlara hazırlaşırlar. Meydanda topu ələ keçirən zaman tez qərar qəbul etmək lazımdır. Ancaq onların çox fikirləşməsi vaxt itkisinə səbəb olur. Nəticədə müdafiədən hücuma gec keçməyimiz məndə narazılıq yaradır. İki aydır hazırlıq keçməməyimiz hiss olunur. Ancaq buna görə klubların Antalyadakı hazırlığın pis keçdiyini demək olmaz. Hər şey futbolçuların özlərindən asılıdır. Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər”.

Sabah yoldaşlıq matçında qarşılaşacağımız Macarıstan yığmasını güclü rəqib hesab edən Foqts yaxşı oynamağa çalışacaqlarını söyləyib: “Bildiyiniz kimi, rəqibin heyətində futbolçuların böyük əksəriyyəti Avropada oynayırlar. Onlar İtaliya, İngiltərə, Almaniya kimi güclü çempionatlarda oynayırlar. Bəs azərbaycanlı futbolçular belə liqalarda oynayırılarmı? Ancaq 10-12 günlük toplanışla Macarıstan yığmasına böyük hesabla qalib gələcəyimizi gözləmək olmaz”.

Mehman SÜLEYMANOV

FOTO: AFFA