“Neftçi” “Xəzər Lənkəran”la oyuna ciddi itkilərlə hazırlaşır
08.02.2011 - 14:24
“Neftçi” “Xəzər Lənkəran”la oyuna ciddi itkilərlə hazırlaşır
Azərbaycan Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Neftçi” məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, ötən günü iki məşqlə tamamlayan komanda üzvləri bu gün bir məşqlə kifayətlənəcək.

Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular “Sərin” otelinin meydançasında hazırlıqlarını davam etdirəcəklər. Komandanın qapıçıları isə serbiyalı mütəxəssis Neboyşa Manoyloviçin rəhbərliyi altında məşq edəcəklər.

Qeyd edək ki, “Neftçi”nin məşqində zədəli Paulius Qribauskas, Alessandro Viana da Silva, Emil Mpenza, həmçinin Azərbaycan yığmasının təlim-məşq toplanışında olan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə iştirak etmir.

Mənbə: neftchifc.com