Berti Foqtsun əsas heyətində diqqəti çəkən məqamlar
09.02.2011 - 00:12
Berti Foqtsun əsas heyətində diqqəti çəkən məqamlar
Azərbaycan millisi dünən Dubayda mətbuat üçün açıq məşq keçirdi. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, günün ikinci yarısında olan, təxminən saat yarım davam edən hazırlıq daha çox toplu çalışmalar, ikitərəfli oyun üzərində quruldu. Bu zaman komandalar şərti olaraq “göylər”ə və “qırmızılar”a bölündülər. Sonuncuları Macarıstan yığması ilə meydana çıxacaq əsas heyət saymaq olar. Əsas qapıçımız Kamran Ağayevlə Ukraynanın “Metallist” klubu ilə yoldaşlıq görüşündə 90 dəqiqə meydanda olan Andrey Popoviç növbə ilə “qırmızlar”da “çərçivə”ni qorudular. Düzdür, 3-cü qapıçı Aqil Məmmədov da üç qapıdan ibarət olan oyunun iştirakçısı oldu.

Yığmamızın baş məşqçisi Berti Foqts kapitan Rəşad Sadıqovun yanında müdafiənin mərkəzində Vurğun Hüseynovu oynatmağı əsas diqqəti çəkən məqam idi. Müdafiənin sol və sağ cinahları müvafiq olaraq Elnur Allahverdiyevlə Rail Məlikova tapşırılmışdı. Ruslan Abışovla Rahid Əmirquliyev dayaq yarımmüdafiəçisi funksiyalarını yerinə yetirirdi. Vaqif Cavadovla Mahir Şükürov müvafiq olaraq yarımmüdafiənin sol və sağ cinahında qərarlaşmışdı. Elvin Məmmədov oyun qurucusu kimi irəlidə tək hücumçu olan Murad Hüseynovu topla təchiz edirdi. Ucaboylu Muradın Macarıstanla bugünkü yoldaşlıq görüşündə əsas heyətdə meydana çıxacağı istisna deyil və bunu da diqqəti çəkən məqam saymaq olar.

Qeyd edək ki, məşq bitəndən sonra Rəşad, Aleksandr, Murad və Kamran növbə ilə məşqi izləyən, Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərinə yanına gələrək, brifinq keçirdilər.

Mehman SÜLEYMANOV
0