Toni Adams: Yeni transferlər heyətdəki rəqabəti artırıb
09.02.2011 - 10:44
Toni Adams: Yeni transferlər heyətdəki rəqabəti artırıb
“Komandada yüksək psixoloji durum hökm sürür. Hamı üzərinə düşən məsuliyyəti dərk edir. Futbolçularım səylə çalışırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Premyer Liqanın XX turu çərçivəsində fevralın 13-də səfərdə “Qarabağ”la matç öncəsi kollektivdəki ab-hava ilə bağlı fikirlərini açıqlayıb. Adams yeni transferlərin durumunu da dəyərləndirib: “Yeni transferlərin kollektivə qatılması heyətdəki rəqabəti artırıb. Onlar da artıq komandaya uyğunlaşıblar. O ki qaldı onların növbəti matçda oynayıb-oynamayacağına bunu futbolçuların özləri müəyyənləşdirəcəklər. Kollinz hələ fiziki olaraq tam hazır deyil. Amma onun qarşıda iki günü var. Özünü yaxşı tərəfdən göstərə bilsə, ona şans verə bilərəm. Banqura psixoloji və fiziki baxımdan hazırlıqlı görünür. Böyük ehtimalla növbəti 3 qarşılaşmada ondan yararlanacağıq. Nuran Qurbanov “Qəbələ”nin gələcəyinə hesablanmış transferdir. İstedadlı futbolçudur, amma təcrübəsi az olduğuna görə onun xidmətindən məhdud istifadə edəcəyəm. Murad Hüseynovun durumunu isə yığma komandanın düşərgəsindən hansı vəziyyətdə dönməsinə görə dəyərləndirəcəyik”.

Qeyd edək ki, ağdamlılarla görüşün hazırlıqlarını davam etdirən “Qəbələ”nin heyətində itkilər olmasa da, Saşa Yunisoğlunun belində ağrılar var və bu onun “Qarabağ”la oyunda çıxışını sual altında qoyub.