Lukas Serjio: Azərbaycan yığmasında problem var
09.02.2011 - 13:00
Lukas Serjio: Azərbaycan yığmasında problem var
“Çətin qarşılaşma oldu. Ukrayna yığması həqiqətən də güclü rəqibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının oyunçusu Lukas Serjio deyib.

Paytaxtımızda təşkil edilən ənənəvi IV Bakı Beynəlxalq Futzal Turniri dünən başa çatıb. 4 komandanın qatıldığı yarışın qalibi milli komandamız olub. Həlledici oyunda Ukrayna futzalçıları ilə qarşılaşan yığmamız rəqib qapısından 3 cavabsız top keçirməklə, gücünü ortaya qoydu. Qələbəyə rəğmən Braziliya əsilli futzalçı millidə müəyyən qədər problemlərin olduğunu qeyd edib: “Bu daha çox Latviya və Özbəkistanla oyunlarda hiss olunurdu. Görünür, yığmanın bir neçə üzvünün başqa ölkənin çempionatında çıxış etməsi təsirsiz ötüşməyib. Ukrayna ilə oyunda bu problemin aradan qalxdığını düşünürəm”.

Fevralın 24-dən 27-dək Bakıda Avropa çempionatının qrup mərhələsi oyunları çərçivəsində İspaniya, Qazaxıstan və Fransa yığmaları ilə qarşılaşacaq millimiz oyunlara hazırdır. Bunu da Serjio deyib: “Bəli, qrup oyunlarına hazırıq. Çalışacağıq ki, ötən ilki nəticəmizi yaxşılaşdıraq. Öncə isə final mərhələsinə vəsiqə qazanmalıyıq”.