“Qrupda ikinci yer uğrunda mübarizə aparacağıq”
09.02.2011 - 14:50
“Qrupda ikinci yer uğrunda mübarizə aparacağıq”
“Baş məşqçimiz rəqiblər haqda kifayət qədər məlumat toplayıb. Yaxın günlərdə onlar haqda bizə də məlumat veriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının kapitanı Marat Salyanski deyib.

IV Bakı Beynəlxalq Futzal Turnirinin qalibi olan millimiz bununla da fevralın 24-dən 27-dək paytaxtımızda reallaşacaq Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına yüksək əhval ruhiyyədə yollanır. Rəsmi oyunlar öncəsi son ciddi sınaqdan üzüağ çıxan komandamız yenidən qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmaq haqda düşünür. Bunun üçün İspaniya, Qazaxıstan və Fransa ilə qarşılaşacaq millimiz ən azı ikinci pillənin sahibi olmalıdır. Rəqibləri dəyərləndirən yığmanın kapitanı və qolkiperi İspaniyanın aşkar favorit olduğunu, ikinci yer uğrunda əsas mübarizənin Azərbaycan və Qazaxıstan komandaları arasında gedəcəyini qeyd edib: “Bilirik ki, Qazaxıstan yığması Rusiya klubları ilə yoldaşlıq oyunları keçirib. Həmin oyunların diskləri baş məşqçidə var. İspaniya haqda da müəyyən informasiyaya malikik. Fransa qapalı qutudur. Belə götürəndə, Fransa birinci mərhələdən mübarizəyə başlayıb. Onlar qrupun aşkar autsayderidirlər. Fransa millisini rəqib hesab etmirəm”.

Vəzifələrinin öhdəsindən gələcəklərinə inandığını deyən Salyanski ildən-ilə komandanın məqsədinin dəyişdiyini vurğulayıb: “Komanda inkişaf etdikcə, məqsəd və tələblər də dəyişir. Əvvəllər Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq maksimum tələb idisə, artıq bu gün bu minimum vəzifədir. Çünki ötən il dördüncü yeri tutmuşuq. İndi ən azı mükafatçılar sırasına düşməliyik. Biz ötənilki nəticəmizi təkrarlamaq haqda düşünmürük. Bu dəfə mükafatçılar sırasına düşmək istəyirik. Artıq bunun zamanıdır”.
0