“Neftçi” özünə stadion tikir
11.02.2011 - 00:32
“Neftçi” özünə stadion tikir
“Stadionumuz hazırdır. Lisenziya ilə bağlı FİFA-dan faks almışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.

“Təyyarəçilər”in prezidenti Şüvəlanda inşa edilən və artıq işlərin yekunlaşmaq üzrə olduğu stadionda oynamaları üçün artıq heç bir problemin olmadığını qeyd edib. O, FİFA-nın da test-analizlərinin müsbət nəticələndiyini vurğulayıb: “Stadionumuza 2 ulduz verilib. Lisenziya yaxın bir ay ərzində kluba təqdim ediləcək”.

AZAL-ın “Gəncə” və “Bakı”nı Şüvəlanda qəbul etməməsinin səbəbinə gəldikdə, klub prezidenti bunu istilik sisteminin Bakıya gec gətirilməsi ilə əlaqələndirib: “Türkiyədən gətirilən istilik sistemi bir qədər ləngidildi. İndi istilik sistemi qurulur. Biz fasilədən sonra öz meydanımızda oynamaq istəyirdik. Ancaq bu üzdən istəyimiz alınmadı. İnşallah, kubok oyununda “Turan”ı orda qəbul edəcəyik”.

Qasımov, ümumiyyətlə yaxın 2-3 ildə Bakıda stadion probleminin olmayacağını və bu sahədə işlərin sürətlə görüldüyünü qabardıb: “5-6 il əvvəl cəmi 2 stadionumuz var idi. Söhbət Tofiq Bəhramov adına Respublika stadionu və “Şəfa”dan gedir. İndi görün neçə stadion inşa edilir. Bildiyimə görə, “Bakı”, “Qarabağ”, “Neftçi” özləri üçün yeni stadionunun tikintisinə başlayıblar. 2-3 ildən sonra Bakıda stadionla bağlı problem olmayacaq”.