Rəşad Sadiqov: 28 gün “Qəbələ” ilə oyuna hazırlaşmışıq - MÜSAHİBƏ
11.02.2011 - 13:05
Rəşad Sadiqov: 28 gün “Qəbələ” ilə oyuna hazırlaşmışıq - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- Premyer Liqadakı fasilə sabah başa çatır. Cari ildə ilk rəsmi oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Komandanız bu matça hazırdırmı?
- 28 gün ərzində demək olar, “Qəbələ” ilə matça hazırlaşmışıq. İlk “altılıq” yolunda əsas rəqiblərimizdən biridir. Hazırlıq dövründə əsas planı onlarla oyunun üzərində qurmuşuq.

- I dövrədə məğlub olduğunuz “Qəbələ”dən revanş almağı bacaracaqsınızmı?
- Təbii ki, Qəbələdəki yenilginin əvəzini çıxmağa çalışacağıq. Yəqin ki, heç bir insan həyatda kiməsə borclu qalmaq istəməz. Biz də borclu qalmaq istəmirik. Bu oyunda borcumuzu geri alacağıq.

- “Qarabağ” fasiləni demək olar Türkiyədə keçirdi. Yoldaşlıq oyunları, eləcə də yeni transferlərin nəyə qadir olması bir növ hələ də sirr olaraq qalır. Necə düşünürsünüz, gərgin qrafikə lazımınca hazırlaşa bildinizmi?
- Bilirik ki, fasilədən sonra bizi gərgin qrafik gözləyir. Əlbəttə, buna hazırıq. 24-25 futbolçumuz var. Hələ komandada belə rəqabət olmamışdı. İndi hər mövqeyə 2-3 nəfər oyunçumuz var. Kimsə zədələnsə və cəza üzündən meydana çıxmasa, onu layiqincə əvəzləyəcək oyunçular var.

- “Qəbələ” ilə oyunda meydana çıxmayacaq futbolçu varmı?
- Maksim Medvedevin ayağında ağrılar var. Dünənki məşqdə isə Aftandil Hacıyev zədələnib. Onların oynamayacağı dəqiqləşib.

- Yeni transferlər haqda nə deyə bilərsiniz? Onlar komandaya faydalı ola biləcəklərmi?
- Yaxşı oyunçulardılar. Komandaya fayda verəcəklərini düşünürəm.

- Rəşad Sadıqovun yenidən “Qarabağ”a dönüşü gündəmdədir. Necə düşünürsünüz, onun gəlişi komandaya necə təsir göstərəcək?
- Rəşadın komandada olması böyük rol oynayır. Xeyir verəcək futbolçudur. Müdafiənin lideri, komanda üçün önəmli futbolçudur. Onun dönüşü “Qarabağ”ı xeyrinə olacaq.

- Yığmanın Macarıstanla keçirdiyi oyun barədə nə deyə bilərsiniz?
- Oyunu izlədim. Macarlar oynamağa imkan verirdilər. Bizim komandada nə isə etməyə çalışırdı. Əsas problem hücumla bağlı idi. “Dişsizlik” hiss olunurdu.

- Gələn ay Belçika ilə rəsmi oyunumuz var. Yaxşı nəticəyə ümid etmək olarmı?
- Belçika ilə qarşılaşma çətin olacaq. Onlar yüksəlişdədirlər. Macarıstandan üstün oynayırlar. Yaxşı hazırlaşmaq lazımdır.