“Liverpul”un məşqçisi azərbaycanlı futbolçu haqda nə deyib?
11.02.2011 - 17:18
“Liverpul”un məşqçisi azərbaycanlı futbolçu haqda nə deyib?
“Üç gün ard-arda “Mançester Yunayted”, “Everton” və “Liverpul”la oynadıq. Yüz ildən artıq tarixə malik klubların akademiyaları ilə oynamaq, həm də nəticədən asılı olmayaraq, başa-baş mübarizə aparmaq klubumuz və Azərbaycan futbolu üçün mühüm amildir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı deyib.

O, “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının İngiltərə səfərinin arxada qalan hissəsini dəyərləndirib: “Uşaqlarımız Azərbaycan futbolunun gələcəkdə öz sözünü deyəcəyini üç gün fasiləsiz dünyanın aparıcı klubları ilə oynayaraq göstərdilər. Bizim üçün burada mühüm olan nəticə deyil, futbolçularımızın qazanacağı futbol mədəniyyəti, əzmkarlıq, idman zəkası və ən əsası tanınmış klublarda öz yaşıdlarının hansı xüsusiyyətlərə sahib olduğunu əyani olaraq görməsidir. Futbol mütəxəssisləri və futbol ictimaiyyəti bilir ki, bu cür komandalarla keçirilən oyunların xeyri gələcək illərdə mütləq ortaya çıxır. Biz də İngiltərədə keçirdiyimiz görüşlərin meyvəsini gələcəkdə mütləq toplayacağımıza inanırıq”.

Fıçıcı “Mançester Yunayted”ə 0:3, “Everton”a 0:4, “Liverpul”a 0:6 hesablı məğlubiyyətlərə kənar amillərin də təsir etdiyini bildirib. Belə ki, həyəcan və yorğunluq azyaşlı futbolçularımızın qarşısında əngəl olub: “Mançester Yunayted” ilə oyunda uşaqlarda hədsiz həyəcan var idi. Açığı nə qədər başa salsaq da, rəqibin adından çəkinirdilər. Amma matç başlayandan sonra hər şeyi bir kənara qoyub özlərini oyuna verdilər və gördülər ki, taktiki və texniki baxımdan heç də rəqiblərindən geri qalmırlar. Birinci hissə 0:0 hesabı ilə yekunlaşdı. İkinci hissədə rəqibimizin fiziki baxımdan daha güclü futbolçuları meydançaya buraxması öz sözünü dedi və biz 0:3 hesabı ilə məğlub olduq. “Everton” ilə oyuna istirahət etmədən çıxdıq. Rəqibimiz fiziki olaraq daha güclü və yaşlı (U-15) idi. Uşaqlarımız yaxşı mübarizə aparsalar da, hər iki hissədə iki qol buraxdıq və yekunda 0:4 hesabı ilə məğlub olduq. “Liverpul” ilə oyuna isə daha yorğun çıxdıq. Rəqiblərimiz arasında fiziki baxımdan ən güclüsü “Liverpul” idi, buna baxmayaraq futbolçularımız ən baxımlı oyunlarını sözügedən komanda ilə matçda sərgilədilər. Texniki və taktiki baxımdan rəqiblə başa-baş mübarizə apardıq. Amma ingilis futbolunun tipik özəlliyi olan fiziki güc amili yenə ön plana çıxdı və nəticədə böyük hesabla məğlub olduq. Ancaq bunu əminliklə deyə bilərəm ki, psixoloji baxımdan, futbolçularımızın futbola baxışının formalaşması yönündən və buna bənzər bir çox cəhətdən böyük təcrübə qazandıq”.

“Qəbələ” U-14-ün baş məşqçisi Recep Yazıcı səfər və arxada qalan oyunlar haqqında təəssüratlarını bölüşüblər: “Bizim akademiya olaraq birinci məqsədimiz yarışmaq deyil. Əvvəl yetişdirmək sonra yarışmaqdır. Bu turnedə bir çox şeyi daha dəqiq görmək fürsəti qazandıq. Çünki qarşılaşdığınız rəqib nə qədər güclüdürsə çatışmayan tərəflərinizi daha tez görə bilirsiniz. Keçirdiyimiz üç oyunda futbolçularımız texniki və taktiki baxımdan heç də geri qalmadılar. Bunu “Liverpul”la matçda rəqib komandanın məşqçiləri də xüsusilə qeyd etdilər. Futbolçularımız ingilislərə əsasən fiziki baxımdan uduzdular. Uşaqlar bu oyunlarda bizim nəzəri dərslərdə başa saldığımız amilləri əyani olaraq gördülər. Bu isə bir futbolçu üçün əvəzolunmaz təcrübədir”.