Aleksandr Starkov: Görüləsi çox işlər var
11.02.2011 - 18:14
Aleksandr Starkov: Görüləsi çox işlər var
Azərbaycan Premyer Liqasının XX turunda "Muğan"ı qəbul edəcək "Bakı" bu oyunun hazırlıqlarını başa vurmaq üzrədir. Apasport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Starkov axşam məşqi öncəsi klubun rəsmi saytına müsahibə verib.

- Komanda barədə ilkin təəssüratlarınızı bilmək maraqlı olardı?
- Komanda ilə təlim-məşq toplantısı zamanı tanış oldum. Vaxtımız az olsa da, kifayət qədər məlumat toplaya bildim. Komanda barədə fikrim müsbətdir. Oyunçuların davranışı, əzmkarlığı, mehribançılıq və kollektiv xarakter nümayiş etdirməsi ürəyimcədir. Görülməli çox işlər var. Antalyada keçirdiyimiz təlim-məşq toplantısı zamanı bütün müsbət və mənfi cəhətlərimizi öyrənməyə çalışdıq. Zəif nöqtələrimizi müəyyən edib, həm taktiki, həm də funksional hazırlıq üzərində çalışmalarımızı davam etdirəcəyik.

- Sizi narahat edən amillər varmı?
- Bir neçə futbolçumuzun zədəli olması məni qayğılandırır. Əsasən də, Stefan Borbikoni və Ernad Skuliçin sıradan çıxması bizim üçün ciddi itkidir. Hər ikisi əsas heyətin oyunçularıdır və ilboyu demək olar ki, bütün oyunlarda meydana çıxıblar. Boşluq yaranmaması üçün müxtəlif variantları nəzərdən keçirirəm. Eyni zamanda, Aqil Məmmədov, Vaqif Cavadov və Fabio Luis Ramim milli komandanın düşərgəsində olduqlarından komanda ilə birgə hazırlaşa bilməyiblər. Onlar yalnız bu gün bizə qoşulublar. Bu da bizim üçün çətinlik yaradan amillərdən biridir.

- Milli komandadan söhbət düşmüşkən, Latviya - Boliviya oyunu barədə nə deyə bilərsiniz?
- Oyun çox xoşuma gəldi. Hər iki komanda sürətli və hücumameylli oyun nümayiş etdirdi. Sevindirici cəhət bu oldu ki, biz qalib gəldik. Latviya millisi səviyyəli oyun göstərdi. Boliviya güclü komandadır. Təkcə Donetsk "Şaxtyor"undan tanıdığımız Morenanın adını çəkmək kifayətdir. O, dünyaca tanınmış oyunçulardan biridir. Belə güclü rəqibə qalib gəlməklə bir daha milli komandamızın iddialı olduğunu ortaya qoyduq. Oyun və nəticədən razı qaldım.

- Sabahkı rəqibimiz barədə nə deyə bilərsiniz?
- "Muğan" ciddi rəqibdir, bunu söz xatirinə demirəm. Onlar birinci dövrədə bizdən 3 xal alıblar, məncə elə tək bu fakt "Muğan"ın güclü komanda olduğunun göstəricisi kimi qəbul oluna bilər. Bu komandaya qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bilirəm ki, klubumuzun rəhbərliyi və azarkeşlərimiz bizdən yalnız qələbə gözləyirlər. Sizi əmin edirəm ki, sabah qalib gəlmək üçün bütün bacarımızı ortaya qoyacağıq".