2 yerə 3 namizəd: “Ofsayd”a kim düşəcək?
14.02.2011 - 12:29
2 yerə 3 namizəd: “Ofsayd”a kim düşəcək?
Azərbaycan Premyer Liqasında “altılıq” uğrunda mübarizə daha da gərginləşir. Apasport.az saytının məlumatına görə, son turda AZAL-la “Bakı”nın vacib 2 xal itirmələri, “Qəbələ”nin səfərdə “Qarabağ”a böyük hesablı məğlubiyyəti ilə son 2 vəsiqə uğrunda mübarizədə gərginlik yüksək həddə çatıb.

“Neftçi” ilə “Xəzər Lənkəran”dan sonra “İnter”lə “Qarabağ” da “altılığ”a düşmələrini rəsmiləşdirdi. Halbuki, AZAL da “Gəncə”ni yenəcəyi təqdirdə buna nail olardı. İndi “təyyarəçilər”ə final mərhələsinə düşmək üçün cəmi 1 xal lazımdır.

Hazırda final mərhələsinə 2 vəsiqə qalıb ki, buna da 3 namizəd var. Bu isə istənilən halda, AZAL, “Bakı” və ya “Qəbələ” klublarından birinin kənarda qalacağı deməkdir. Maraqlıdır, görəsən, bu komanda kim olacaq?

Sözsüz ki, bu zaman ilk ağla gələn bu komandaların qalan 2 turda rəqiblərinin kim olmasıdır. Təqvim baxımdan ən yaxşı vəziyyətin “Qəbələ” olduğunu desək, yanılmarıq. Çünki Toni Adamsın çalışdırdığı komanda “altılığ”a düşməyənlərlə - səfərdə “Muğan”, evdə “Gəncə” ilə görüşəcək. Üstəlik, əsas rəqiblərin AZAL-la “Bakı” sonda tur bir-biri ilə görüşdüklərindən, xal itkisi qaçılmazdır. Bu isə qəbələlilərin xeyrinə olan amildir.

Bundan əlavə, meydançasında təmir işləri getdiyindən “Muğan” rəqiblərini Bakıda qəbul edəcək ki, bu da “Qəbələ”nin işinə yarayır. Daha bir amil “Qəbələ”nin son 2 oyununun ən yaxın izləyicisi “Bakı”dan təqvimə görə 1 gün sonra olmasıdır. Yəni, Adamsın yetirmələri rəqibin nəticəsini öyrənərək, meydana neçə xal qazanmaq üçün çıxmaq lazım olduğunu biləcəklər.

Ancaq digər tərəfdən, həmin “Muğan”la “Gəncə” son turda güclü rəqibləri büdrətməklə, onlarla görüşün asan olmayacağını sübut etdi. Adams isə böyük hesabla məğlubiyyətdən sonra ilk növbədə psixoloji durumu qaydasına salmalıdır. Uzun müddət qol buraxmayan “Qəbələ”nin “Qarabağ”la görüşdə birdən-birə 3 top buraxması, heyət, xüsusilə, müdafiə xətti ilə bağlı problemlərin olduğunu göstərir.

AZAL izləyicilərini xal baxımından xeyli qabaqladığından, daha üstün durumdadır. Ancaq ən çətin təqvimin elə “təyyarəçilər”də olması, vəziyyəti 180 dərəcə dəyişdirə bilər. Nazim Süleymanov çalışdırdığı komandanı növbəti turda ona yaxşı tanış olan Lənkərana aparacaq. Süleymanova vaxtilə 2 dəfə çalışdırdığı “Xəzər Lənkəran”la görüşdə xal qazanmaq heç də asan olmayacaq. Evdə güclü azarkeş dəstəyi qarşısında çox inamlı təsir bağışlayan “Xəzər Lənkəran” çempionluğa oynadığından, “Neftçi” ilə mübarizədə xal itkisi yol verilməzdir.

AZAL son turda “Bakı”nı qəbul etsə də, bu rəqibə “altılığ”a düşmək üçün qələbə hava-su kimi vacibdir. “Təyyarəçilər”in son 2 turda məğlubiyyəti mümkündür və bu, reallaşarsa, vəziyyətini çox pisləşdirəcək. Bu zaman “Qəbələ”nin qələbələri AZAL-ı keçəcəyi, “Bakı”nın isə ona çatacağı deməkdir. “Zolaqlılar” şəxsi oyunlarda “təyyarəçilər”dən üstün olarsa, onu qabaqlayacaq.

“Bakı”nın da təqvimi asan deyil və hər iki görüşünü səfərdə keçirməli olacaq. Komanda AZAL-a qədər növbəti turda Tovuza səfər edəcək. Naci Şensoyun “Turan”ı əvvəllər çalışdırdığı dövrdən “Bakı” ilə oyunları gərgin keçib. Tovuzlular evdə daha inamlı təsir bağışladıqlarından, Aleksandr Starkovun yetirmələri ilk öncə növbəti turda 3 xal qazanmaq vəzifəsini yerinə yetirmələridir. İndi “Bakı” ilk mərhələdə son ev oyunu olan “Muğan”la görüşdə qələbənin əldən verdiyinə görə daha çox təəssüflənməlidir. Çünki “Qəbələ”nin “Qarabağ”a uduzacağı ilə bağlı proqnoz reallaşdı və “Bakı” qələbə sayəsində onu qabaqlayıb, artıq hər şey öz əlində olacaqdı.

Bu 3 komandadan biri “altılığ”a düşməsə belə, avrokuboklara yolunun bağlandığına görə ruhdan düşməməlidir. Çünki AZAL, “Qəbələ” və “Bakı” Azərbaycan kubokunda mübarizəni davam etdirirlər və orada 1/4 final oyunları “altılıq” başlayana kimi olacaq.

Maraqlıdır ki, “Qəbələ” ilə “Bakı” kubokda da rəqibdirlər, AZAL isə 1/4 finalda “Turan”la görüşəcək. Avrokuboklara isə ən asan yolun məhz ölkə kuboku olduğu hamıya məlumdur. Özü də kubokun qalibi mübarizəyə birbaşa Avroliqanın 2-ci mərhələsindən başlayır ki, bu da üstünlükdür. Kubokda hətta finalçı kimi də Avroliqada oynamaq hüququ əldə etmək olar. Təbii ki, bunun üçün uduzduğun komandanın ölkə çempionu olması əsas şərtdir.

AZAL, “Qəbələ” və “Bakı”nın ilk mərhələdə qalan oyunları

XXI tur

19 fevral
“Turan” – “Bakı”

20 fevral
“Muğan” – “Qəbələ”
“Xəzər Lənkəran” – AZAL

XXII tur

25 fevral
AZAL – “Bakı”

27 fevral
“Qəbələ” – “Gəncə”
0